Azərbaycanda nöbədənkənar parlament seçkiləri keçiriləcəkmi? – ŞƏRH

Son illər dünya bazarında neftin qiymətinin kəskin enişi bir çox neft ixrac edən ölkədə iqtisadi geriləmələrlə nəticələndi. İqtisadi geriləmələr isə bəzi ölkələrin siyasi səhnəsində dəyişikliklərlə müşahidə olunur. 
Belə bir şəraitdə ölkəmizdə 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya edilmiş dəyişikiyə əsasən, ölkə başçısına növbədənkənar parlament seçkiləri təyin etmək səlahiyyəti  verildi. Bir çoxları düşünür ki, prezident bu səlahiyyətdən yararlanacaq, hətta bəzi müzakirələrdə islahatların davamlı aparılması anonsu da verilir. Bəs, görəsən, Azərbaycanda postneft dövründə nöbədənkənar parlament seçkilərinin keçirilməsi  ehtimalı varmı?  
“Növbədənkənar seçkilərin keçirilməsi inandırıcı deyil”
Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, o, hakimiyyətdən belə bir təşəbbüsün gələcəyinə inanmır:
 
“Əliyev rejiminin  hər bir addımı yalnız hakimiyyətin qorunması maraqları baxımından atmaq ənənəsi var. Hazırda hakimiyyətin qorunması baxımından növbədənkənar seçkilərin keçirilməsi zərurəti yoxdur. Ölkədə indi avtoritar rejim tam formalaşıb. Əslində, seçkilərin keçirilməsi üçün heç bir seçkiqabağı demokratik şərait yoxdur. Azad və ədalətli seçkiləri təmin edəcək qanunvericilik bazası, ölkədə bərabərhüquqlu siyasi rəqabət, bərabərhüquqlu siyasi təbliğat imkanları yoxdur. Seçki komissiyaları təmamilə hakimiyyətin nəzarəti altındadır. 2005-ci ilədək ölkədə seçkilərin nəticələri saxtalaşdırılırdı, ancaq seçki prosesi mövcud idi. 2005-ci ildən sonra ölkədə, ümumiyyətlə, seçki prosesi  ləğv olundu. Ona görə də indiki şəraitdə seçkilərin keçiriləsi üçün ilk növbədə əsaslı islahatlar keçirilməlidir. Seçki qanunvericiliyində dəyişikliklər olunmalıdır və bu dəyişikliklər vasitəsilə seçki komissiyalarında qarşılıqlı nəzarət prinsipi, təbliğat kapmaniyası dövründə bərabərhüquqlu rəqabət şəraiti, qisməndə olsa təmin olunmalıdır. Heç olmasa 2005-ci il parlament seçkiləri ərəfəsində olan seçki şəraiti yaradılmasa, çox güman ki, Azərbaycanın aparıcı siyasi qüvvələri belə seçkilərdə iştirak etməyəcək. İndi ölkədə olan vəziyyət dəyişməsə, seçkilər tamamilə hakimiyyətin nəzarəti altında olacaq. Hətta nəinki seçkilərə görə, bütövlükdə kimin uğur qazandığını müəyyən etmək mümkün olmayacaq, belə bir seçkilərdə iştirak etmək  mümkünsüz olacaq”.
“Hakimiyyətə hər hansı bir müsət dəyişiklik lazım deyil”
ReAl Hərəkatının İdarə Heyətinin üzvu Azər Qasımlı isə deyir ki, hakimiyyətdən belə bir təşəbbüs gəlsə və əgər hakimiyyət bu seçkini yarımdemokratik qaydada keçirəcəksə, bunu müsbət qiymətləndirir:
 
“Son illərdə iqtisadi və sosial problemlər baş qaldırdığı zaman  biz bildirdik ki, artıq Azərbaycanın iqtisadi və sosial problemləri siyasi müstəvidədir. Bu problemi həll etmək üçün iki şərt lazımdır: Birincisi, azad, demokratik, şəffaf parlament seçkiləri keçirilməlidir. İkincisi isə siyasi məhbuslar azadlığa çıxmalıdır. Amma məsələ burasındadır ki, bu hakimiyyətin azad və demokratik parlament seçkisi keçirməsinə şübhə edirəm və buna inanmıram. Əgər seçkilər keçiriləcəksə belə, bu, dəyişikliyin imitasiya edilməsi olacaq. Görünən odur ki, hakimiyyətə bu gün Azərbaycanda hər hansı bir müsət dəyişiklik lazım deyil”.
“Demokratik bir parlamentin yaradılması mütləq lazımdır”
Hüquqşünas Aslan İsmayılov da belə bir təşəbbüs gələrsə, buna çox müsbət yanaşar: “Ölkədə bütün məsələləri tək prezident həll etməməlidir. Buna görə də işlək bir parlamentin yaradılması gərəkdir. Azad və demokratik bir parlamentin yaradılması mütləq  lazımdır”.
“Əgər ciddi bir dəyişiklik olsaydı…”
Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, burada qanunverici orqanla bağlı prezidentə müəyyən səlahiyyətlər verilib. Amma hər hansı bir şəkildə qanunverici orqanın yeniləşməsi və ya onun funksional fəaliyyəti ilə bağlı bir yenilik yoxdur ki, yeni seçki keçirilsin:
 Deputat:
“Hər bir seçki müəyyən dərəcədə dövlət üçün müəyyən bir vəsaitdir. Bu vəsaitin xərclənməsi də başqa məqsədlərdə müəyyən bir problemlər yaradır. Büdcədə onsuz da indiki sıxıntılı zamanda bunu edilməsinin bir anlamı olmur. Əgər funksional, ciddi bir dəyişiklik olsaydı, bu məsələ barəsində düşünmək olardı. Amma hazırda belə bir tələbat yoxdur”.
Toplum.Tv