Əli Kərimli 4 saat prokurorluqda dindirildi

“Saxta sənədləri verən adamlar partiyamıza qarşı qara piar üçün zəmin yaradıblar”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün, aprelin 21-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saata yaxın ifadə verib.

İfadə verdikdən sonra Ə.Kərimli prokurorluqda açılmış cinayət işi haqda danışıb. Cinayət işinə şahid qismində cəlb edilmələrinin tamamilə qanunsuz olduğunu bildirib. «Əslində, biz bu işdə zərərçəkən kimi tanınmalı idik. Çünki saxta sənədləri verən adamlar partiyamıza qarşı qara piar üçün zəmin yaradıblar. Hakimiyyətin mediası da bundan bizə qarşı istifadə edir», – deyən Ə.Kərimli idarədə zəruri ifadələrin verildiyini qeyd edib: «İstintaqa bildirdik ki, bizim adımızdan saxta sənəd verənlərin müəyyənləşdirilməsində, onların məsuliyyətə cəlb olunmasında hamıdan çox biz maraqlıyıq».

Ə.Kərimli deyib ki, onun özünün prokurorluğa dəfələrlə müraciəti olub: «Mən özüm Baş Prokurorluğa ölkədəki nəhəng korrupsiya halları ilə bağlı dəfələrlə müraciət etmişəm. Bu müraciətlərimiz araşdırılmadığı, ölkədə bu qədər nəhəng korrupsiya halları ortalıqda qaldığı halda, gedib cinayətkarları axtarmaq əvəzinə bizlərin istintaqa cəlb edilməsi partiyamıza qarşı təzyiqdir», – deyən Ə.Kərimli vurğulayıb ki, hakimiyyət onlardan qisas alır.

Dünən, aprelin 20-də AXCP sədrinin müavini Gözəl Bayramlı və bu partiyanın təşkilat şöbəsinin müdiri Saqif Qurbanov da bu idarəyə çağırılaraq dindiriliblər. İstintaqa 5 saat ifadə verdikdən sonra Gözəl Bayramlı jurnalistlərə bunları demişdi: «Məni guya xaricdən siyasi sığınacaq almaq istəyənlərə AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə çağırmışdılar. Bu ittiham böhtan və AXCP-yə növbəti təzyiq cəhdidir. Partiyamız heç vaxt heç kimə saxta arayış verməyib” – o, bildirib.

AzadlıqRadiosu

 

%d bloqqer bunu bəyənir: