Camal Əli Gürcüstana buraxılmadı

“Düşünürəm ki, bu, kilsədə çəkdiyimiz sujetlə bağlıdır”

Aprelin 19-da Meydan TV-nin əməkdaşı Camal Əli Berlindən Tiflisə gedərkən havalimanında gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Camal Əliyə onu Gürcüstana buraxa bilməyəcəklərini deyiblər. Ancaq səbəbini izah etməyiblər.

Hava limanı polisində səhər 5-dək saxlanıldıqdan sonra ona geriyə bilet alıb, Berlinə yola salıblar.

“Dedilər: “Sistemdə yoxlamaq üçün adınızı daxil etdik. Sizi ölkəyə buraxa bilmərik”, – yazıldı. Əlavə söz deyə bilməyəcəklərini söylədilər”, – Camal Əli bildirib.

Camal Əli aeroportda ona verilən sənədləri imzalamaqdan imtina edib:

“Gürcü dilində başa düşmədiyimi dedim. Bundan sonra pasportumu aldılar. Məni növbəti reysin vaxtı gələnədək müvəqqəti saxlanma otağında tutdular. Hazırda vəkil axtarıram. Pozulmuş hüququmun bərpası üçün bütün vasitələrdən istifadə edəcəyəm”.

2017-ci ilin yanvar ayında Meydan TV-nin “Facebook” səhifəsində yayımlanan sujetdə Camal Əli kilsəyə girərək orada SOCAR-ın qaz verib-vermədiyini soruşmuşdu. Bundan 66 gün sonra, martın sonlarında Tbilisidə Meydan TV əleyhinə aksiya keçirildi. Camal Əlinin posterlərini qaldıran aksiyaçılar sujeti kilsəyə qarşı hörmətsizlik hesab etdiklərini demişdilər.

Camal Əli məhz bu video ilə bağlı onu ölkəyə buraxmaq istəmədiklərini düşünür:

“Çünki həmin vaxtadək bir neçə dəfə Tbilisiyə səfər etmişəm. Heç bir problemlə qarşılaşmamışam. Aksiyadan sonrakı ilk səfərimdə isə məni Gürcüstana buraxmadılar”.
Yanvarda Camal Əlinin sonuncu “Heykəl Baba” adlı repinə görə, qohumları Bakı Şəhər Baş Polis İdarəsinə aparılmışdı. Polislə bir neçə gün sürən danışıqlardan sonra rep “Youtube”dan silindi. Bundan sonra polis ailəni rahat buraxdı.

Camal Əli 2007-ci ildə H.O.S.T qrupunun üzvü olub. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hal-hazırda Berlində yaşayır.

Meydan TV

%d bloqqer bunu bəyənir: