“Dövlət İmtahan Mərkəzinin saytından istifadə pullu olacaq” – Məleykə Abbaszadə

Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq.
 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: “Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”, – APA məlumat verir.
 
Direktorlar Şurasının sədri elmi və ya hüquqi müstəvidə gedən müzakirələrə hər zaman açıq olduqlarını, lakin müzakirələr siyasi müstəviyə keçiriləndə ona qatılmadıqlarını vurğulayıb: “2014-cu ildə monitorinq imtahanlarına aid olan elmi-statistik təhlil ictimaiyyətə təqdim edildi. Ondan sonra gözləyirdim ki, hansısa elmi müzakirələr aparılacaq. Çox təəssüflər olsun ki, təqdim etdiyimiz elmi-metodiki işin nəticələri elmi müzakirələrə yox, hansısa ayrı müstəviyə keçib, siyasi bir müzakirələrə çevrildi. Bunun günahkarı biz deyilik. Yalnız mütəxəssislərlə elmi müstəvidə müzakirələr aparmağın tərəfdarıyıq. Biz siyasi müstəvidə gedən müzakirələrə qoşulmuruq. Elmi müstəvidə müzakirə təqdim edirəm, amma təəssüf ki, məni siyasi müstəviyə çəkirlər. Biz elmi araşdırmalarımızı aparıb, ictimaiyyətə təqdim edirik. İctimaiyyət bunu necə qiymətləndirir, bu, artıq ayrı məsələdir”. 
.
Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. ReAl Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli məsələyə kəskin reaksiya verib. 
.
“İdarənin qabağına qara qutu qoyub rəsmən dilənsələr bundan yaxşıdı, lap ağını çıxardıblar, imtahanları pullu ediblər, əsgərlik yaşı hələ yayda, payızda, qışda tamam olanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən alınmış möhlət hüququ olmadan may ayında olan imtahana buraxmırlar – kimin belə problemi var, gedib arayış almaq üçün adam axtarır, rüşvət verir. Bütün dünya tam pulsuz təhsilə keçməyə can atır, bunlar səviyyəsiz və keyfiyyətsiz təhsil verirlər, hələ bir buna görə də vətəndaşlardan imtahana pul, təhsilə ödəniş alırlar. Anlamırlar ki, vətəndaş həyatı boyu birbaşa və dolayı vergiləri ilə dövlətə ödənişlər edir, dövlətin də borcu vətəndaşa pulsuz və keyfiyyətli xidmət göstərməkdir”, – Natiq Cəfərli özünün feysbuk səhifəsində yazıb.
.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: