Bizim Çe Qevara! Mehman Hüseynova açıq məktub

Salam Mehman. 

Həbsdəki insan üçün ən təhlükəli hiss – məyusluq ola bilər. Bu hiss o vaxt yaranır ki, məhbus, azadlıqda ikən ünsiyyətdə olduğu insanların onu unutduğunu düşünür.

Təbii ki, unudanlar da var. Əvvəllər sənin ən adi statusuna on minlərlə, videoreportajlarına isə yüz minlərlə dost “like” qoyurdusa, sənin müdafiənlə bağlı indi səhifəndə paylaşılan statuslara bəzən yüzlərlə, bəsən isə, təəssüf, hətta cəmi yüzədək insan reaksiya verir.

Amma bil ki, səni həbsdən sonra əvvəlkindən daha çox qiymətləndirən, özləyən insanlar da çoxdu… 

Düzdür, başqa cür də ola bilərdi. Biz başqa cür olmasını istədik. Məsələn, istədik ki, sənin müdafiə komitəni ölkədə ən azı siyasi məhbusların müdafiəsi uğrunda mübarizənin əsas qurumuna çevirək. Amma dedilər ki, bu, “effekt verməyəcək”. Dedilər ki, “mən tutulanda müdafiə komitəsi yaranmamışdı, və düz də edilmişdi”.

Biz istədik ki, sənin həbsinə qarşı mübarizəni irticaya qarşı mübarizənin əsas leytmotivinə çevirək. “Mehmanın Çe Qevaradan nəyi əskikdir” dedik.

Sağolsun Emin Hüseynov, tam zamanında əla təşəbbüs irəli sürmüşdü (yenə qardaş, hər nə qədər iradlarından bezsək də, dar gündə bəlkə də hamı yarım addım geri çəkildiyi üçün, yenə qardaş önə çıxır). Emin bütün müxalifət təşkilatlarının öz Çe Qevaramıza azadlıq tələbilə aksiya keçirməsi üçün danışıqlar apardı. Biz “hə” dedik. Amma qərar qəbul olunmaq üzrə ikən, “niyə mənim müavinlərim tutulanda birgə aksiya keçirilmədi” dedilər, işi pozdular…

“Mən”, “mənim”, “mənə”, “məni”, “məndə”, “məndən” sözləri ilə ifadə olunan “əsaslı” arqumentlər tək sənin yox, millətin azadlığı üçün yeni mərhələyə başlamağımızı əngəllədi. Həmişəki kimi… 

Yuxarıda yazmışam ki, səni əvvəlkindən daha çox qiymətləndirən, əvvəlkindəndən daha çox özləyən insanlar var. Məsələn (qardaşımdı deyə yazmıram), o gün Arif Hacılı “14-cü kalon: Elçibəydən Mehman Hüseynovadək” sərlövhəli yazı yazmışdı və biz onu həvəslə “bastaladıq”.

Adın Elçibəylə bir sırada çıkilirsə, “Elçibəy 14 kalondan çıxıb antikommunist hərəkatının liderinə çevrildi, indiki irticanın məhbəsindən çıxan insanlar da Azərbaycanın xilaskarına çevriləcək” yazırlarsa, məhbəsdəki insan üçün bundan gözəl hansı təsəlli ola bilər?!

İnsanların unutqanlığı isə bir reallıqdır, gərək buna anlayışla yanaşasan. Məncə, ümumən gərək yanaşmalarını dəyişəsən, dəyişməyin qaçılmaz olacaq. Həbs olunduğun gün uşaqlığının son gecəsi idi. 14-cü kalona getdiyin gün isə həbsxananın romantik dövrünün sonu idi.

Əziyyət çəkəcək, darıxacaqsan. Amma bil ki, bu əziyyətlərini anlayan, qiymətləndirən, bölüşmək istəyən insanlar da var. Hətta bunun müqabilində qrant almadan da səni müdafiə edən çox insan var.

Sənin qədrini bilən çox insan var. Bil ki, vicdanın qədrini bilən bir insan varsa, vicdanlı olmağa dəyər. 

Qardaşım türmədən çıxanda demişdi ki, həbsin bir yaxşı tərəfi var ki, oradan çıxdığın gün özünü çox xoşbəxt sayırsan. Sən də bu əziyyətlərin avəzini hökmən və tezliklə alacaqsan. O gün yaxınlıqdadır. Telefonun zənglərin çoxluğundan tüstüləyəcək, statusların, videoreportajların internetdə saatda 100 min “like” sürəti ilə uçacaq.

Hələ bu millət üçün çox iş görəcəksən. Sən bizim Çe Qevaramızsan.

Hələlik isə, Mehman, özünə yaxşı bax. Darıxmamaq üçün kitab oxu. 14-cü kalonda da kitabxana var. Orada maraqlı kitablar olacaq. Olmasa vəkilinə de, sənə Anatol Fransın əsərlərini gətirsin. Onun “Pinqvinlər adası” kitabı, əminəm ki , xoşuna gələcək.

Hörmətlə,

Mustafa Hacıbəyli

P.S. Mehman Hüseynovun doğmalarından xahiş edirəm ki, bu məktubu ona çatdırsınlar.

%d bloqqer bunu bəyənir: