Tovuzda müəmma: Dövlət sığorta şirkətinin filial müdiri öldü, müavini yaralandı… – YENİLƏNİB

Xəbər verildiyi kimi ötən gün Tovuzda müəmmalı qətl hadisəsi baş verib. “Azərsığorta2 dövlət sığorta şirkətinin Tovuz filialının direktoru, 62 yaşlı Raya Bayramova iş otağında başından küt alətlə vurularaq öldürülüb.

Qətlin kim tərəfindən törədildiyi və motivi barədə heç bir məlumat verilmir. Lakin olduqca müəmmalıdır ki, Raya Bayramovanın müavini, 1965-ci ildə anadan olmuş Vəliyev Vidadi Bəhmən oğlu da elə həmin vaxt kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Vəliyev şirkətin ofisinin yerləşdiyi binanın “damından yıxılaraq xəsarət aldığını” deyib. Ən azından məlumat agentliklərə bu cür ötürülüb.

Bəs bu nə təsadüfdür ki, “Azərsığorta”nın filial direktoru başından küt alətlə vurularaq öldürüldüyü bir vaxtda onun müavini həmin binanın damından yıxılaraq yenə də başından xəsarət alıb? Bu iki hadisənin arasında hansı bağlılıq var?

virtualaz.org Tovuz rayonundakı mənbələrdən bu qətl və xəsarət alma hadisəsi ilə bağlı əlavə təfərrüatlar öyrənməyə çalışıb. İstirahət günü olduğundan hüquq-mühafizə orqanlarının rayon şöbələri ilə əlaqə saxlamaq mümkün olmayıb. Rayon sakinlərindən, o cümlədən Raya Bayramovanı tanıyanlardan da əlavə nəsə öyrənmək səylərimiz alınmayıb.

Söhbətləşdiyimiz mənbələr ancaq onu deyiblər ki, Raya Bayramovanın qətlinin kim tərəfindən və hansı motivlə törədilməsi hələ bilinmir, məsələ müəmmalıdır. O cümlədən müavinin necə və hansı şəraitdə başından xəsarət aldığını müəyyən etmək hələ mümkün olmayıb. V.Vəliyev hazırda həkim nəzarətində olduğundan hüquq-mühafizə orqanları  onu dindirə bilməyib. Gözlənilir ki, bütün suallara direktor müavininin ilkin dindirməsindən sonra aydınlıq gətirmək mümkün olacaq.

Hadisə ilə bağlı DİN və Baş prokurorluğun da rəsmi açıqlamasının olacağı gözlənilir.

23.04.2017 (20:40)

Müayinə zamanı “Azərsığorta” dövlət sığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi məlum olub. Bundan başqa, R. Bayramovanın müavininin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bəlli olub. 

APA xəbər verir ki, bu gün səhər saatlarında R. Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.

19:00

“Azərsığorta” dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoruRaya Bayramova iş otağında ölü tapılıb.

APA xəbər verir ki, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.

Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

%d bloqqer bunu bəyənir: