Şahin Əliyev Prezident Administrasiyasının ləğvi barədə xəbəri belə şərh etdi

Azərbaycan Respublikasının Milli Məclisində “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər ölkədə rezonans doğurub. 

Dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a açıqlama verib.

Açıqlamanı təqdim edirik:

-Təəssüf ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxuyan jurnalistlərin sayı kifayət qədər azdır. Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın. Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir.

Ona görə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi.

Xatırlatma

Milli Məclisin dünən keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 11.1.1.1-ci maddəsindəki “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,” sözlərinin “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,” sözləri ilə əvəz edilməsi təklif olunur.

Həmçinin “Azərbaycan Respublikası Dövlət müşavirlərinin” sözlərinin “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin” sözləri ilə əvəzlənməsi istənilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: