Bundestaq Almaniyada niqab taxmağı qismən qadağan edib

Cümə axşamı Bundestaq dövlət müəssisələrində çalışan əməkdaşlara üzü tamamilə bağlayan niqab və parancu geyinməyi qadağan edən qanun layihəsini təsdiqləyib.

BBC Azərbaycancanın xəbərinə görə, qanun dövlət işçilərinə, hakimlərə və hərbçilərə şamil olunub.

“İnteqrasiya o deməkdir ki, biz açıq-aşkar öz dəyərlərimizi nümayiş etdirməli və aşılamalıyıq, həmçinin digər mədəniyyətlərə tolerantlığımızın sərhədlərinin harada bitdiyini də göstərməliyik,” Almaniyanın daxili işlər naziri Thomas de Maiziere Reuters agentliyinə açıqlamasında bildirib.

“Bizim qəbul etdiyimiz bu qanun layihəsi bu iş üçün böyük töhfədir.”

Yeni qanun Almaniyada dövlət işçilərinə, hakimlərə və hərbçilərə iş zamanı üzü bağlayan geyimi qadağan edir.

Bununla yanaşı sağçılar hökuməti Fransa və digər ölkələrdə olduğu kimi niqabı ictimai yerlərdə də qadağan etməyə çağırıblar.

2016-cı ilin dekabrında Almaniya kansleri Angela Merkel ölkədə niqab və parancunun taxılmasının qadağan edilməsinə öz münasibətini bildirmişdi.

Xristian-Demokrat İttifaqı Partiyasının Essendə keçirilən qurultayında çıxış edən kansler bu cür geyimlərin hüququ baxımdan mümkün olan hər yerdə qadağan olunmasının lazım olduğunu vurğulamışdı.

“Üzü və bədəni bütövlikdə örtmək bizdə qəbul edilmir, bu bizə məxsus deyil “, – deyən kanslerin sözlərinə görə, Almaniyada insanlar arasında ünsiyyət zamanı üzü nümayiş etdirmək qəbul olunub.

Bir qədər əvvəl Merkel bütün bədəni örtən müsəlman geyimini inteqrasiya prosesinin uğursuzluq işarəsi adlandırmışdı.

Qurultayda Merkel məktəblərdə, məhkəmələrdə və digər dövlət müəssisələrində parancunun qadağan edilməsini dəstəkləmişdi.

2011-ci ildə ictimai yerlərdə parancunu və üz örtüyünü qadağan edən ilk Avropa ölkəsi Fransa olub.

2016-cı ilin sentyabrında isə buna bənzər qanun layihəsini İsveçrənin aşağı palatası təsdiqləyib.

2017-ci ildə Avstriyadakı hakim koalsiya Fransadakı qanuna bənzər qanun layihəsini qəbul edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: