“Mehman Qələndərovun müəmmalı ölümü və siyasi məhbuslara işgəncə xəbərləri hiddət doğurur”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat departamentindən “Basta”ya verilən məlumatda bildirilir ki, iclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə Divan üzvü Razim Əmiraslanlının verdiyi məlumatlar dinlənilib.

Partiya daxili məsələlərdə yerli strukturların hesabat-seçki yığıncağına hazırlıqları geniş müzakirə edilib. Yerli strukturlar üzrə kurator müavinlərə və Divan üzvlərinə görüləcək təşkilati işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

28 May – Respublika günü ilə bağlı partiyanın keçirəcəyi tədbirə hazırlıqlara başlanılması haqqında fikir mübadiləsi aparılıb.

Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında müəmmalı ölümü, vicdan məhbusları – İlkin Rüstəmzadəyə DTX tərəfindən təzyiq edilərək əməkdaşlığa sövq edilməsi, razılaşmayacağı təqdirdə ömürlük həbsdə qalacağı ilə təhdid olunması, “heykəl məhbusu” Bayram Məmmədova işgəncə verilməsi haqqında yayılan məlumatların hiddət doğurduğu bildirilib. Bu haqda Müsavat Partiyasının ayrıca bəyanatının yayılması qərarlaşdırılıb.

Divan ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri geniş müzakirə edib.

***

Müsavat Partiyasının BƏYANATI

Aprel ayının 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında siyasi məhbus Mehman Qələndərovun intihar etməklə özünü öldürməsi rəsmi olaraq elan edilib. Müsavat Partiyası bir siyasi məhbusun həbsxanada həyatının itirməsini cəmiyyəti sarsıdacaq hadisə hesab edir. İlk gün bu haqda ziddiyyətli məlumatların yayılması, mərhumun tələsik və ictimaiyyətdən gizli dəfn olunması onun intihar etməsinə əsaslı şübhələr yaradır.

Bu ölüm hadisəsi ilə eyni günlərdə 13 saylı cəzaçəkmə müəssisəsində olan gənc “NİDA”çılar – İlkin Rüstəmzadə və Bayram Məmmədovla bağlı xəbərlər də həbsxanalarda siyasi məhbuslara qarşı mənəvi-psixoloji və fiziki təzyiqlərin artdığını, qisasçılıq siyasətinin gücləndiyini göstərir.

İşgəncə faktları ilə əlaqədar artan xəbərlər intihar etdiyi iddia olunan Mehman Qələndərovun da ölümü ilə bağlı şübhələri möhkəmləndirir.

Müsavat Partiyası baş verənləri bütün mənəvi dəyərlərin tapdanması, mənəvi böhranın daha da dərinləşməsinə gətirən hal kimi qiymətləndirir. Bu siyasətin cəmiyyətdə qisasçılıq və nifrət hissinin artmasına, daha ağır nəticələrə gətirib çıxara biləcəyini hakimiyyətin diqqətinə çatdırır.

Müsavat Partiyası hakimiyyətdən siyasi məhbus Mehman Qələndərovun ölümü, eyni zamanda “NİDA”çı siyasi məhbuslar – İlkin Rüstəmzadə və Bayram Məmmədova qarşı işgəncələr barədə yayılan məlumatların dərhal araşdırılıb, ictimaiyyətə məlumat verilməsini tələb edir.

01 may 2017-ci il

Bastainfo.com

%d bloqqer bunu bəyənir: