Rusiya və Türkiyə arasında ticari qadağalar ləğv edildi

Interfax.ru saytının məlumatına görə, Soçidə Rusiya və Türkiyə arasında danışıqlar zamanı qarşılıqlı ticarətdə türk pomidoru istisna olmaqla bütün qadağaların aradan qaldırılması haqqında razılıq əldə edilib. Bu barədə Rusiya prezidenti Vladimir Putin Rəcəb Təyyub Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında məlumat verib.

“Biz bunu əsas götürürük ki, hər hansı məhdudiyyətlər iqtisadiyyatı dağıdır, nəticədə bizim istehsalçılara zərər vurur”, —  RF prezidenti Vladimir Putin deyib.

“Biz, bütün məhdudiyyətləri aradan qaldırmaq haqda razılığa gəldik. Xahiş etdik ki, bizim türk tərəfdaşlar və dostlar məlum faciəli hadisələrdən sonra yeridilmiş məhdudiyyətləri anlayışla qarşılasınlar, amma, həyat davam edir”.

Jurnalistlərin türk pomidoru ilə bağlı suallarına Rusiya prezidenti belə cavab verib: “Soruşduğunuz məsələ pomidor istehsalı ilə bağlıdır. Bizim kənd təsərrüfatı istehsalçıları böyük həcmdə kredit və kredit resursları götürüb. Bu, kifayət qədər uzun bir istehsal dövrü ilə – bizim iqlim şəraitində istixana qurğularının tikintisi və s ilə bağlıdır. Bu növ üzrə mallara məhdudiyyətlər hələ qalacaq”, — deyə Putin bildirib.

Rusiya lideri həmçinin xatırladıb ki, ölkəsi il ərzində müəyyən dövrdə  daxili bazarın tələbatını öz istehsalı ilə təmin edə bilmir. “Və biz bu məhsulların bir hissəsini, o cümlədən, pomidor idxal edirik. Biz bu gün razılığa gəldik ki, idxal zamanı  türkiyəli  tərəfdaş və dostlarımıza qarşı ayrı-seçkilik olmamalıdır. Onlar da digər idxalçılarımız kimi bizim bazarda işləyəcəklər”, — deyə o bildirib.

Heybət Əmrah

bastainfo.com