Hüseyn Abdullayev şeir yazdı: “Nə vaxtacan davam edər bu zillət?”

Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayev sığınacaq aldığı Almaniyada şeir yazıb. Qeyd edək ki, Hüseyn Abdullayev Milli Məclisdə deputat Fəzail Ağamalı ilə əlbəyaxa davadan sonra deputat mandatından məhrum edilib.

O, şeirini bu gün özünün feysbuk səhifəsində paylaşıb:

Qəm çəkməyim yaxşıdır

Seyr etdikcə pis niyyətli üzünü,
Dinlədikcə saxta çürük sözünü.
Zənn edirsə Allah kimi özünü,
O insanı görməməyim yaxşıdır,
Qürbət eldə qəm çəkməyim yaxşıdır.

Baş əyməksə həyat tərzi orada
harda bizim xoş günümüz, harada?
Aciz kimi baxmaqdansa sırada,
Qürbət eldə sürünməyim yaxşıdır.

Məhkum deyil köləliyə bu millət,
Nə vaxtacan davam edər bu zillət?
Bürüyübsə hər tərəfi cəhalət,
O tablonu görməməyim yaxşıdır,
Qürbət eldə dərd çəkməyim yaxşıdır.

Azərbaycan ana yurdum, vətənim,
Səndən başqa varmı mənim bir dərdim?
Axşam- axşam yenə yazdım, kövrəldim,
Həsrətinlə qəm çəkməyim yaxşıdır,
Qürbət eldə can deməyim yaxşıdır.

Millətinin qarşısında bir pələng,
Zülümkarın hüzurunda tam köpək.
Görməkdənsə o dostları sona dək,
Qürbət eldə qəm çəkməyim,
Yeri gəlsə ah çəkməyim,
Hətta belə, dilənməyim yaxşıdır.

Hüseyn Abdullayev 10. 04. 2017-ci il, Frankfurt.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: