ReAl hərəkatı yeni referendum keçirilməsi tələbilə bağlı müzakirələrə hazırdır

“Ölkədə yeni referendumun keçirilməsilə bağlı müzakirələrə hazırıq”

Bunu ReAl Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli “Basta” əməkdaşının “Müsavat Konstitusiyanın dəyişdirilməsi və seçki islahatının aparılması üçün referendum tələb edir, bu tələb ətrafında müzakirələrə hazırsızmı” sualına cavab olaraq deyib.

Qeyd edək ki, Müsavat Partiyası mövcud seçki sisteminin proporsional seçki sistemi ilə əvəz edilməsini, parlamentdə deputatların sayının 200 nəfərə çatdırılmasını, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən maddənin ləğv edilməsini, prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilə endirilməsini, bütün seçki komissiyaları və seçki komissiyalarındakı vəzifələrin əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında paritet qaydada təşkil olunmasını, seçki kampaniyasının müddətinin 120 günə, təşviqat müddətinin 60 günədək artırılmasını, namizədlərin qeydiyyatının alternativ variantı olan qeydiyyat depozitinin qoyulmasının təmin edilməsini, bu dəyişikliklərin həyata keçirilməsi üçün referendum vasitəsilə Konstitusiyaya dəyişiklik olunmasını tələb edir.

“REAL Hərəkatı olaraq yarandığımız gündən seçki və Ana Yasa məsələsini həmişə gündəmdə saxlamağa çalışmışıq, proqram sənədlərimizdə də bu məqamlar yer alıb. Biz sıfırdan yeni Ana Yasa yazılmasının və seçki qanunvericiliyinin dəyişdirilməsinin tərəfdarıyıq”, – Natiq Cəfərli bildirib.

Natiq Cəfərli qeyd edib ki, ReAl hərəkatının proqramında bununla bağlı müdəalar yer alıb. O, proqramın müvafiq bəndlərini də “Basta”ya təqdim edib.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: