Daha bir neçə nazir ixtisara düşə bilər

“Hökumət dövlət aparatlarını boşaldır. Büdcəyə yük olan strukturlarda ixtisarlara start verilir. Bu da kütləvi şəkildə məmur ordusunun işdən azad olunması səbəb olacaq”.

Bu iddiayla rubrika.az saytı çıxış edir.

Sayt bildirir ki, baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib ki, bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər:

“Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir”.
Qeyd olunur ki, baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfərin çalışdığını qeyd edib:
“Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub”.
Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərin müqayisəsi onların əhalinin hər 10 min nəfərinə düşən sayı əsasında həyata keçirilir.

Ötən il “Azərsu”, “Azərenerji”, Dövlət Əmlak Komitəsi və ayrı-ayrı nazirliklərdə ixtisarlar olub.
Bu proses 2017-ci ildə də davam etdiriləcək.

“Ə. Əhmədovun məqaləsi də məhz ixtisarlara bir anonsdur”, – sayt qeyd edir. 
“Azərişıq” “Azərnerji”dən ayrılanadan əvvəl qurumda 16 min adam işləyirdi. Ayrılandan sonra 8000 işçi qalıb. Hələlik hansı sahələrdə çalışanların ixtisar ediləcəyini açıqlanmır.
Saleh Məmmədov “Azəryolservis”in sədri vəzifəsinə təsdiqlənəndən sonra bu quruma daxil olan 115-dən artıq idarənin bütün işçilərindən işdən çıxmaları barədə ərizə alınıb. Qurumdakı mənbələrin verdiyi məlumata görə, bu, kütləvi ixtisar gözləntisi ilə bağlıdır”.
Artıq açıq deyilir ki, hökumət qurumda çalışanların üçdə ikisinin işdən azad edilməsi təklif edib. Bundan sonra qurumların sayı 40-dan az olacaq.
Bu da onunla əsaslandırılır ki, qarşıdakı illərdə büdcədə yol lahiyələrinə əvvəlki qədər pul ayrılmayacaq. Ərizələrin bəribaşdan alınması isə kütləvi ixtisarlara görə yarana biləcək narazılığa hesablanıb.
Dövlət büdcəsində neftin baza qiymətinin 50 dollar götürülməsi bəzi dövlət qurumlarında ixtisarlara, bir sıra tikinti işlərinin dayanmasına səbəb olacaq.
Ekspertlərin fikrincə, investisiyanın azalması dövlət sifarişli tikinti işlərini zəiflədəcək. Bu isə işsizlik yaradacaq. Qeyri-neft sektorunun inkişaf etdirilməsini hökumət prioritet elan edib.
Bu baxımdan dövlət qurumlarında ixtisarlar və ya hansısa dövlət qurumlarının birləşdirilməsi istisna edilmir.

rubrika.az

%d bloqqer bunu bəyənir: