”MTN qəzet redaktoruna Taleh Bağırzadəyə görə 10 min manat mükafat verib”

İttiham aktında baş redaktorun ləqəbi ”TT” kimi qeyd olunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edən agentlərdən birinin “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə ilə bağlı məlumatlara görə, mükafatlandırıldığı məlum olub.

Meydan TV-nin məlumatına görə, bu barədə MTN Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin ittiham aktında qeyd edilib. Həmin materiallarda “TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradıldığı, həmin baş redaktorun Taleh Bağırzadənin  “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verməsi qeyd edilib. Buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə həmin qəzet redaktoruna 10 min manat  birdəfəlik pul mükafatı verilib.

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.

%d bloqqer bunu bəyənir: