Müsavat başqanı Arzu Səmədbəylini təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Arzu Səmədbəylini 55 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Arzu bəy!

Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz, 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin ön cərgələrində olmusunuz. 1992-93-cü illərdə, Elçibəy iqtidarı dövründə məsul vəzifədə çalışmış, özünüzü ləyaqətli, peşəkar bir kadr kimi göstərmisiniz. Sonrakı illərdə də Sizin bütün həyatınız Azərbaycanda demokratik dövlət və azad vətəndaş cəmiyyətinin formalaşmasına həsr olunub.

Azərbaycan Xalq Cəbhəsində müxtəlif məsul vəzifələrdə çalışarkən də, Bütöv Azərbaycan Birliyinin sədr müavini olduğunuz vaxtlarda da, bir sözlə milli liderimiz Əbülfəz Elçibəyin yaxın silahdaşı kimi ölkədə demokratik hərəkatın genişlənməsində, azadlıq ideyalarının yayılmasında fəal iştirak etmisiniz. Bu müddət ərzində çox təqib və təzyiqlərlə üzləşsəniz də mübarizəni qətiyyətlə davam etdirmisiniz.

2004-cü ildə Siz bir qrup tanınmış hərəkatçı dostlarımızla birlikdə Müsavat Partiyasının sıralarına qoşulmuş, öz siyasi fəaliyyətinizi partiyamızda davam etdirmisiniz. Partiyanın Divan üzvü, Müsavat Başqanının müavini, Məclis sədri kimi çox məsul vəzifələrdə çalışmış və Müsavatın güclənməsi üçün öz qüvvə və bacarığınızı əsirgəməmisiniz. 2005-2010-cu illərdə Azərbaycan Parlamentinin üzvü olmuş, orada Müsavat deputat qrupunun tərkibində partiyamızı təmsil etmisiniz. Bir deputat kimi öz prinsipiallığınız, peşəkarlığınızla fərqlənmiş, obyektiv və cəsarətli çıxışlarınızla ölkədə baş verən əsl həqiqətləri açıb göstərmisiniz. Sizin parlament çıxışlarınız bu gün də internet səhifələrində izlənilir və böyük rəğbətlə qarşılanır.

Hörmətli Arzu bəy!

Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.

%d bloqqer bunu bəyənir: