ABB-nin bankrot olması haqda məlumat Qazaxstanda narahatlıq doğurdu

Beynəlxalq Bankın Qazaxstana borcunu Azərbaycan dövləti ödəyəcək

Müflis olduğunu elan etmiş Azərbaycan Beynəlxalq Bankının Qazaxstan Respublikasına olan borcu dövlət vəsaitləri hesabına ödəniləcək. 

Bunu “Sputnik”ə açıqlamasında Azərbaycan Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov deyib. O, əmin olduğunu bildirib ki, qazaxstanlıların ABB-yə yatırdığı pensiya vəsaitləri geri qaytarılacaq.

Məlumatda bildirilir ki, ABB-nin Qazaxstanın təkcə pensiya fonduna olan borcu 71,6 milyard tənqə (təqribən 400 milyon AZN) təşkil edir.

Qeyd edək ki, mayın 12-də Azərbaycan Beynəlxalq Bankı Nyu Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. ABB bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb.

Bu məlumat Qazaxstanda böyük narahatçılıqla qarşılanıb. Son iki gündə bu mövzu Qazaxstan mətbuatında gündəmin əsas mövzusuna çevrilib.

Özəl KTK televiziyası bu həftə xəbər verib ki, Vahid Pensiya Yığımı Fondunun (rusca qısa adı – ENPF) menecerləri Azərbaycan Beynəlxalq Bankına 70 milyard təngə yatırıb. Amma elə ötən həftə ABB beynəlxalq öhdəliklərini yerinə yetirə bilmədiyini bildirib və borclarının restrukturizasiyasından ötrü ABŞ-da məhkəməyə müraciət edib.

Məqalədə vurğulanır ki, hazırda Qazaxıstan parlamentinin üzvləri qəzəb içindədirlər və pensiya fondu rəhbərlərini səriştəsizlikdə ittiham edirlər. Axı bu yaxınlarda ABB-nin problemlər içində üzdüyünə dair xəbərdarlıq olunmuşdu.

Qazaxstanda pensiya yatırımlarını ABB-yə etibar etmiş yerli pensiya fondu ilə yanaşı, siyasətçilər və mətbuat nümayəndələri 2 suala cavab axtarırlar: ABB-nin bankrotdan xilas olmaq perspektivi varmı və Azərbaycanın dövlət bankı Qazaxstana olan borcları qaytaracaqmı? 

Əkrəm Həsənov həmçinin bildirib ki, Qazaxstana olan borcun tam ödənilməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, ABB bəzi hallarda Qazaxstanda birgünlük yaradılan bəzi şirkətlərə müvafiq girov rəsmiləşdirmədən kreditlər ayırıb.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: