Mirşahin Ağayev qardaşının həbsindən danışdı – Yenilənib

“Əgər qardaşım cinayət törədibsə, qanunun tam sərtliyi ilə cəzasını almalıdır”, – bu sözləri Mirşahin Ağayev haqqın.az-a müsahibəsində Mirəddin Ağayevin həbsini şərh edərkən deyib.

O bildirib ki, qardaşının həbs olunması xəbərini mətbuatdan oxuyub.

“Azərbaycanın qanunları qarşısında hamımız bərabərik. Və bizim qohumluq əlaqələrimizin buna heç bir aidiyyatı yoxdur” – Mirşahin Ağayev deyib.

O, əlavə edib ki, qardaşının həbsdən azad edilməsi üçün heç kimə müraciət etmək fikrində deyil.

* * *

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.

Bu barədə məlumatı BakiPost yayıb. Sayt yazır ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.
 
Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Məsələylə bağlı Mirşahin Ağayevin fikrini öyrənmək mümkün olmayıb. Mirşahinin digər qardaşı Rəşad Ağayev isə xəbəri nə təsdiq, nə də təkzib edib.
 
Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.

Bastainfo.com

 
%d bloqqer bunu bəyənir: