MSDM-dən Əliyev hakimiyyətinə və Ayaz Mütəllibova sərt cavab – Dəyirmi Masadan reportaj

Mayın 26-da Milli Strateji Düşüncə Mərkəzi “Cümhuriyyət: ikinci cəhd” mövzusunda Dəyirmi Masa keçirib.

Tədbirdə Elçibəy hakimiyyəti təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, müstəqil ekspertlər, o cümlədən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AXP sədri Pənah Hüseyn, istiqlalçı millət vəkili İsgəndər Həmidov, MSDM üzvləri Mehriban Vəzir, Vaqif Hacıbəyli, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli, Elman Fəttah, professor Almaz Əliqızı, publisist Nəcibə Bağırzadə, Turan agentliyinin direktoru Mehman Əliyev, sabiq millət vəkili Arzu Səmədbəyli, Müsavatın Divan üzvləri Alya Yaqublu, Vəfa Cümşüdlü, Razim Əmiraslanlı, MNTK sədri Sevinc Hüseynova, Elçibəyin silahdaşlarından biri Oqtay Qasımov, milli hökumət dövründə batalyonlara rəhbərlik etmiş Aydın Şükürov, Şakir Abdulla, konfliktoloq Elxan Mehdiyev və digərləri iştirak ediblər.

İsa Qəmbər: “Bu irad xoşuma gəlir”

Öncə çıxış edən İsa Qəmbər bildirib ki, tədbirdə Elçibəy komandasının ən önəmli qərarlarının 5-7 müəllifindən dördü bu tədbirdə iştirak edir.

“Elçibəy hökumətinin ən önəmli simaları, 1992-ci il mayın 15-də Elçibəy başda olmaqla ölkə Konstitusiyasını qorumaq naminə xalq yürüşünü təşkil etmək barədə təhlükəli, amma şərəfli qərarı qəbul edən  beş siyasətçidən dördü qarşınızdadır”, – İsa Qəmbər bildirib.

Azərbaycan cəmiyyətinin 70 illik sovet istilasından sonra yenidən Milli hökumət qurduğunu, bunun bir şərəfli tarix olduğunu qeyd edən İsa Qəmbər bildirib ki, məhz uğurlu bir hökumət qurulduğu üçün Rusiya da daxil olmaqla, bir sıra qüvvələr onu devirməyə çalışıb və 1993-cü ilin 4 iyun qiyamı vasitəsilə bu hökuməti deviriblər.

İsa Qəmbər Əliyev hakimiyyətinin milli hökumətə qarşı ittihamlarına cavab verib.

“Bizim səhvlərimiz olub, biz bunu müzakirə etməyə həmişə hazır olmuşuq. Bizə olan ən böyük irad isə bu olub ki, hakimiyyəti niyə qiyamçılara, Əliyev rejiminə təhvil verdiniz. Bu irad xoşuma gəlir. Bu irad cəmiyyətin həm Əliyev hakimiyyətinə, həm də bizim iqtidara münasibətindən xəbər verir, cəmiyyətin bizi hakimiyyətdə görmək istəməsindən xəbər verir. Əliyevlər 24 ildir hakimiyyətdədirlər, amma hələ də bizim hökuməti tənqid etməklə məşğuldurlar. Elçibəy hakimiyyətində səhv iş axtaranlar, bəzən hansısa söhbətdə “yəni indiki iqtidarın heç bir düz işi olmayıbmı” sualını verirlər. Yəni bizdə səhv axtaranlar, indiki iqtidarda düz iş axtarırlar, bu da cəmiyyətin bizim iqtidara olan münasibətindən xəbər verir”, – İsa Qəmbər çıxışında deyib.

Yazıçı Mehriban Vəzir qısa çıxışında milli hökumətin təmsilçiləri ilə bir arada olmaqdan qürur duyduğunu bildirib.

Pənah Hüseyn: “İnqilab sözündən qorxmaq lazım deyil”

AXP sədri Pənah Hüseyn öz çıxışında 1988-92-ci illəri Azərbaycan xalqının tarixində ikinci inqilab dövrü adlandırıb.

“İnqilab sözündən qorxmaq lazım deyil. Elçibəy də deyirdi ki, mən millətçi yox, inqilabçıyam. İndiki mərhələdə ən vacib məsələ lider və təşkilat məsələsidir”, – Pənah Hüseyn bildirib. 15 mayda yox, Elçibəy prezident seçiləndən sonra gəlib: “Hətta bundan sonra Mütəllibovun adamı baş nazir idi. Koalisiya vardı”. Pənah Hüseyn keçmiş prezident Ayaz Mütəllibovun və spiker Yaqub Məmədovun öz istefa qərarlarını danmalarından danışıb, amma bu barədə sənədlərin, bəyanatların o zaman bütün qəzetlərdə dərc olunduğunu xatırladıb.

İsgəndər Həmidov: “Mütəllibovun çevrilişinin qarşısını aldıq”

İsgəndər Həmidov milli hökumət dövründə DİN strukturlarında aparılan islahatlardan danışıb. Milisin – polis adlandırılmasından, əsayiş keşikçilərinin maaşının 2,5 dəfə artmasından, cəzaçəkmə müəssisələrinin DİN-in tabeçiliyindən çıxarılaraq, Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməsindən danışıb.

“Mütəllibov 15 mayda hakimiyyətə qayıtmaqla, Konstitusiyanı pozmuşdu. İstefa vermiş adamın hakimiyyətə qayıtması çevriliş idi. Biz bu çevriliçin qarşısını aldıq”, – İsgəndər Həmidov bildirib.

Arif Hacılı: “Ermənilər Qarabağdan qaçırdı, bu vaxt YAP yarandı…”

Müsavat başqanı Arif Hacılı şıxışına “biz hərəkata qoşularkən vəzifə və hakimiyyətə gəlmək barədə heç düşünmürdük də, bir çoxlarımız hərəkata Qarabağda torpaqlarımız uğrunda mücadilə ilə qoşulmuşuq” sözləri ilə başlayıb.

“Biz o zaman Azərbaycanda ən güclü, ən nüfuzlu təşkilatın təmsilçiləri idik. Amma Qarabağı, Xocalını, Şuşanı, Laçını düşündüyümüz üçün daxili siyasi mübarizənin dayandırılmasını təklif etmişdik. Biz 1992-ci ildə prezident seçkilərinin keçirilməsinin əleyhinə birmənalı mövqe qoymuşduq. Hətta Mütəllibov istefa verdikdən sonra da hakimiyyəti götürməmişdik. Hamının bir arada olub, Qarabağın müdafiəsinə cəlb olunmasına çalışmışıq”, – Arif Hacılı bildirib.

“Deyirlər ki, hakimiyyət davası torpaqlarımızn itirilməsinə səbəb oldu. Bəli, bu sözdə həqiqət payı var – hakimiyyət davası aparılırdı, amma bunu biz aparmırdıq. Biz o zaman mitinqləri də dayandırmışdıq. Amma Heydər Əliyevin tərəfdarları yaş senzinin aradan qaldırılması, Əliyevin prezidenliyə gətirilməsi tələbiylə mitinqlər keçirirdilər. O biri tərəfdən isə Mütəllibovun adamları, Hacı Əbdülün dəstəsi, onu hakimiyyətə qaytarmaq üçün mitinqlər keçirirdilər. Mən Şuşadan qayıtdığım gün Bakıda Hacı Əbdülün mitinqlərinin davam etdiyini gördükdə dəhşətə gəldim, – Arif Hacılı bildirib.

“Prezident seçkiləri artıq fakta çevriləndən sonra, hamını birləşdirən hökumət təklifimiz qəbul edilmədikdən sonra biz seçkilərə qoşulduq və Elçibəy prezident seçildi”- Arif Hacılı deyib.

Arif Hacılı milli hökumət qurulduqdan dərhal sonra Qarabağda ordumuzun uğurlarını sadalayıb.

“Robert Koçəryan yazır ki, 1992-ci ildə biz gördük ki, Qarabağı itiririk. O yazır kı, həmin vaxt ermənilər Qarabağdan Ermənistana qaçırdı… Amma bu vaxt Azərbaycanda YAP yarandı. Bundan sonra olanları hər kəs bilir”, – Arif hacılı çıxışını bu sözlərlə yekunlaşdırıb.

 

 

 

Mustafa Hacıbəyli

Bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: