İlkin Rüstəmzadə “İlin Cümhuriyyətçisi” seçildi

Bu gün D18 Hərəkatı “İlin Cümhuriyyətçisi” mükafatının təqdimetmə mərasimini keçirib.

Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə D18 Hərəkatının sədri Ruslan İzzətli elan edib ki, keçirilən sorğunun təticələrinə görə, “İlin Cümhuriyyətçisi” mükafatına vicdan məhbusu, Nida Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə layiq görülüb.

Ruslan İzzətli mükafatı məhbusun anası Altas Hüseynovaya təqdim edib. Mükafata görə təşəkkürünü bildirən A.Hüseynova oğlunun düz yolda olduğunu, buna görə artıq 4 ildir həbsdə yatdığını bildirib.

“İlkin həbs olunanda onun 21 yaşı vardı. İndi artıq 26-cı yaşındadır. Mən ona uşaq gözü ilə baxmışam. İlkin demək olar ki, həbsdə böyüdü. Mən İlkini indi tanımışam və onunla qürur duyuram”, – A. Hüseynova bildirib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər, keçmiş vicdan məhbusları Tofiq Yaqublu, Əvəz Zeynallı, Nigar Həzi, Hilal Məmmədov və digərləri iştirak və çıxış ediblər.

Çıxışlarda İlkin Rüstəmzadənin Azərbaycanda ən çox həbsdə yatmış vicdan məhbuslarından biri olduğu və bu mükafatı haqq etdiyi, onun və bütün siyasi məhbusların azadlığa buraxılması üçün mübarizənin gücləndirilməsi zərurəti vurğulanıb. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: