Əfqan Muxtarlı məhkəmədə beynəlxalq təşkilatlara müraciət edib

“Gürcüstandakı mühacirlərin hər birinin həyatı təhlükədədir, onlara sahib çıxın!”

Mayın 31-də Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən müstəqil jurnalist Əfqan Muxtarlı bəyanatla çıxış edib.

Sanksiya məhkəməsində ifadə verən Əfqan Muxtarlı, onun həbsinin sifarişli olduğunu bildirib.

“Mən Əliyev hakimiyyətini tənqid edən yazılarıma görə sifarişlə həbs edilmişəm. Gürcüstanda mühacir olan bütün fəallar təhlükə altındadır. Buradan bütün beynəlxalq təşkilatlara müraciət edirəm: Gürcüstandakı mühacirlərin hər birinin həyatı təhlükədədir, onlara sahib çıxın”, – Əfqan Muxtarlı bəyan edib.

Ə. Muxtarlı mayın 29-da Gürcüstanın paytaxtı Tbilisidə yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən saxlanılıb. Mayın 30-da o, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadan Azərbaycana gətirilib. Jurnalistin barəsində AR Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq)  318.1 (dövlət sərhəddini qanunsuz keçmə) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələri üzrə cinayət işi qaldırılıb.

O, məhkəmədəki ifadəsində Tbilisi şəhərində 4 nəfər tərəfindən zorakılıqla maşına mindirildiyini, işgəncəyə məruz qaldığını və Balakəndə gömrük məntəqəsindən kənar bir yerdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verildiyini bildirib.

Mustafa Hacıbəyli

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: