Müsavat AKM Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi

“Bir müddət öncə ölkə xaricində olan müxalif  fikirli insanların qohum-əqrabalarına təzyiq göstərən Azərbaycan hakimiyyəti, artıq həmin insanların özlərinə qarşı repressiyalara başlayıb”

Müsavat Avropa Kordinasiya Mərkəzi (Müsavat AKM) müstəqil jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanat qəbul edib.

Müsavat AKM-in sədr müavini Sərdar Ağayevin “Basta”ya təqdim edtdiyi sənəddə deyilir:

“Mayın 29-da axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərində araşdırmaçı jurnalist  Əfqan Muxtarlı naməlum şəxslər tərəfindən oğurlanıb.  Onunla əlaqə saxlaya bilməyən yaxınları Gürcüstan polisinə müraciət etsələr də, heç bir məlumat əldə edə bilməyiblər. Yalnız 21 saatdan sonra  vəkili ilə əlaqə saxlayan Əfqan Muxtarlı  Azərbaycanda,  Dövlət Sərhəd Xidmətində saxlanıldığını bildirib.

Vəkillərin verdiyi məlumatlardan aydın olub ki, o, Tbilisi şəhərində bir neçə gürcü xüsusi xidmət orqanı əməkdaşı tərəfindən başına torba keçirilərək zorla maşına mindirilib və naməlum istiqamətə aparılıb. Daha sonra boş bir ərazidə əlini arxadan bağlayıb döyüblər və yenidən gözlərini “skoç”la bağlayaraq, 3 maşın dəyişərək Azərbaycan sərhəddinə gətirilib. Sərhəddə cibinə 10 000 avro pul qoyularaq DSX əməkdaşlarına təhvil verilib. Ondan sonra isə Bakıya DSX mərkəzi qərargahına gətirilib, sonra isə saxta ittihamlarla barəsində cinayət işi başladılıb.

Əfqan Muxtarlının və bir neçə gün əvvəl Gözəl Bayramlının saxta ittihamlarla həbsi, eyni zamanada Gürcüstanda muhacir həyatı yaşayan Daşqın Agalarlının mütamadi olaraq izlənməsi onu göstərir ki, bir müddət öncə ölkə xaricində olan müxalif  fikirli insanların qohum-əqrabalarına təzyiq göstərən Azərbaycan hakimiyyəti artıq həmin insanların özlərinə qarşı repressiyalara başlayıb, onları oğurlayaraq qanunsuz həbslər həyata keçirir.

Müsavat Avropa Koordinasiya Mərkəzi  Azərbaycan hökümətinin tənqidçisi, jurnalist Əfqan Muxtarlıni oğurlayaraq, iki ölkə sərhəddini pozmaq və işgəncə verməklə  guya qacaqmalçılıq və  sərhədi pozması kimi saxta ittihamlarla həbs etməsini bütün beynəlxalq qanunların və insan hüquqlarının kobud pozuntusu kimi dəyərləndirir və qətiyyətlə pisləyir. Müsavat AKM  Azərbaycan hakimiyyətindən Əfqan Muxtarlını dərhal azad etməsini tələb edir və beynəlxalq aləmi Azərbaycanda baş verən son həbslərlə bağlı aktiv fəaliyyətə kecməyə cağırır.

Müsavat  AKM eyni zamanda Gürcüstan hökümətinin jurnalist Əfqan Muxtarlıya qarşı törədilən bu cinayət hadisəsinin ciddi araşdırılmasını gözlədiyini bildirir”.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: