Müsavat başqanı Avropadakı müttəfiqlərinə Əfqan Muxtarlı ilə bağlı müraciət etdi

Sabah, iyunun 3-də Sloveniyanın Vlyublyana şəhərində Müsavat Partiyasının da üzv olduğu Avropa Liberal Demokratlar İttifaqının (ALDE) konfransı keçiriləcək.

Müsavat Partiyasının başqanı Arif Hacılı bu konfrans ərəfəsində ALDE-dəki müttəfiqlərinə jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanması və Azərbaycanda həbs edilməsi ilə bağlı müraciət edib.  

“Basta”ya təqdim olunan müraciətdə deyilir:

“Hörmətli böyük ALDE ailəsinin dəyərli nümayəndələri,

Sizi ALDE-yə daxil olan siyasi təşkilatlar arasında ən çətin şərtlərlə, sərt avtoritar sistemə qarşı mübarizə aparan Müsvat Partiyası adından salamlayır, toplantıya uğurlar arzu edirəm.

Azərbaycanda avrointeqrasiyanın əsas tərəfdarı, liberal dəyərlərin əsas təmsilçisi olan təşkilatın lideri olaraq sizlərə vacib hadisə ilə bağlı müraciət edirəm, Əziz liberal dostlar, uzun illərdir Azərbaycanda demokratlara qarşı təzyiqlər, həbs və təqiblər artıq beynəlxalq müstəviyə keçdiyi üçün düşünürəm ki, beynəlxalq səviyyədə, ALDE, Avropa Birliyi, təmsil olunduğunuz hökümətlər səviyyəsində bu məsələyə münasibət bildirilməsi, çağrışların edilməsi faydalı olar.

Azərbaycan hakimiyyətinin təqiblərindən Gürcüstan dövlətinə sığınan müstəqil jurnalist, hüquq müdafiəçisi Əfqan Muxtarlı mayın 29-da Gürcüstnın paytaxtından oğurlanaraq Azərbaycana gətirilib. Ona fiziki, mənəvi, pisixoloji işgəncə verilərək haqqında uydurma ittiham irəli sürülməklə həbs edilib.

Əziz həmkarlar, uğrunda mübarizə apardığımız dəyərlərin, insan hüquq və azadlıqlarının, beynəlxalq hüququn və konvensiyaların kobud şəkildə pozulmasıyla həyata keçirilən bu hadisəyə ALDE olaraq münasibət bildirməyimizin faydlı olacağına inanıram. Son zamanlar ruhlanan populistlərin, aşırı sağçıların və diktatorların durdurulmasının yeganə yolu mütərəqqi insanların və təşkilatların birlikdə mübarizə aparmasından, biri-birinə dəstəyindən asılıdır.

Əminəm ki, dünyada xof yaradanlar deyil, insan haqlarını, azadlıqları əsas tutan, bu istiqamətdə vuruşan tərəf – biz qalib gələcəyik!

Hörmətlə,

Müsavat Partiyasının başqanı Arif Hacılı”

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: