Elçin Mirzəbəyli: ”Gürcüstan sonunu gətirmək istəyirsə, müəyyən addımlar ata bilər”

”Gürcüstan bu gün Azərbaycanın iqtisadi potensialına görə ayaq üstə dayanıb”

“Azərbaycan və Gürcüstan hakimiyyətinə əks olan qüvvələr, bir sıra xarici dairələr və Ermənistan mətbuat vasitələri qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsi məsələsini siyasiləşdirərək iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar”.

Bunu Trend-ə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov deyib.

Əflatun Amaşov həm də Mətbuat Şurasının sədridir. Bu qurum əsasən hakimiyyətyönümlü medianın müdafiəsi ilə məşğuldur. 

Ə.Amaşov deyib ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan dövlət sərhədini pozmasına, qaçaqmalçılığa, hakimiyyət nümayəndəsinə müqavimət göstərdiyinə görə saxlanılıb: 

“Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri də bəyanatlar verib. Orada da Əfqan Muxtarlının sərhədi qanunsuz keçdiyi üçün həbs edildiyi qeyd olunur. Eyni zamanda rəsmi Tbilisi bildirib ki, bu vaxta qədər Azərbaycan tərəfi hər hansı bir azərbaycanlının Gürcüstanda fəaliyyətinin məhdudlaşdırılması və təhvil verilməsi ilə bağlı müraciət etməyib. Bununla bağlı yayılanlar şayiədir”.

Əflatun Amaşov

Əflatun Amaşov.

Ə.Amaşovun sözlərinə görə, Gürcüstan ictimai-siyasi xadimləri də bəyan edirlər ki, bu hadisəni siyasiləşdirmək lazım deyil: 

“Ümumiyyətlə, Gürcüstan öz ərazisindən heç bir beynəlxalq təşkilata, heç bir quruma yaxın qonşusu, strateji tərəfdaşı olan Azərbaycana qarşı təbliğat aparılmasına imkan verməyəcəyini bəyan edir. Lakin erməni mətbuatı həmişə Gürcüstan və Azərbaycan münasibətlərinə xələl gətirən materiallar yazır və bu hadisədən də yararlanmağa çalışır. Gürcüstan rəhbərliyi bütün bunları yaxşı bilir və heç zaman imkan verməz ki, Gürcüstandan Azərbaycana qarşı istifadə olunsun, iki ölkə arasında münasibətlərə xələl gəlsin”.

“Azərbaycanda mətbuat da, siyasi fəaliyyət də azaddır”

Digər deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləyir. O “musavat.com” saytına açıqlamasında səslənən iddiaları qəbul etmir: 

Fərəc Quliyev

Fərəc Quliyev.

“Baş verən hadisələr barədə elə də məlumatlı deyiləm. Bunu ətraflı şəkildə müvafiq icra strukturlarından öyrənmək lazımdır. Amma hesab etmirəm ki, Azərbaycanda siyasi mövqeyinə görə təqiblər var, ölkə xaricində müxalif fəalları zərərsizləşdirmək üçün yollar axtarılsın. Azərbaycanda mətbuat da, siyasi fəaliyyət də azaddır. Son günlərdə həbs edilən şəxslərin əməllərində cinayət üzə çıxıbsa, bunu müvafiq strukturlardan öyrənmək lazımdır. Bəlkə çox ciddi səbəblər olduğundan bu addım atılıb. Əgər belədirsə, heç bir qüvvə Azərbaycana qarşı heç nə edə bilməz. Belə məsələlərdə Azərbaycanın müqaviməti hər zaman güclüdür”.

“Radikal müxalifət daxilində hakimiyyət üçün təhlükəli olacaq siyasi lider yoxdur”

“Musavat.com”-un politoloq kimi təqdim etdiyi, əslində isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmiş, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru  Elçin Mirzəbəyli də məsələni bir kontekstdən dəyərləndirməyin əleyhinədir:

“Həbs edilən şəxslərin saxlanılması tamamən fərqli müstəvilərdə baş verib. Bir həbs əgər sərhədi keçərkən baş veribsə, digəri sərhədlə bağlı qanunu pozarkən baş verib. Burada hüququ müstəvilərin olduğu açıqlanıb. Heç kimə sirr deyil ki, bəzi QHT-lər, siyasi partiyalar xarici donorlardan aldıqları vəsaitləri vergidən yayındırmaq üçün Gürcüstan üzərindən prosesi həyata keçirirlər. Gürcüstanda hesab açılıb, bu hesaba müxtəlif təşkilatlardan vəsaitlər köçürülür. Bu da qanunvericiliyə zidd olan fəaliyyətdir. Məsələyə bu kontekstdən yanaşılmasının tərəfdarıyam. Siyasi kontekstdən yanaşanda həbs edilən iki şəxsin hakimiyyət üçün təhlükə yaradacaq fiqurlar olmadığını düşünürəm. Radikal müxalifət daxilində hakimiyyət üçün təhlükəli olacaq siyasi lider də yoxdur. Gürcüstanla bağlı məsələ uzun illərdir davam edirdi. Azərbaycan üzərinə düşəni hüququ müstəvidə həll edir. Açığı, düşünmürəm ki, son həbslərlə Azərbaycan-Gürcüstan arasında soyuqluq yaranacaq. Əslində Gürcüstan Azərbaycan QHT-lərinə və siyasi partiyalarına öz ərazisində xarici donorlardan vəsaitlər almaq üçün şərait yaradırsa, bunun özü qeyri-səmimi davranışdır. Bu davranış dövlətlərarası əlaqələrə də ziddir, nəinki Azərbaycanın atdığı addımlar. Gürcüstan bu gün Azərbaycanın iqtisadi potensialına görə ayaq üstə dayanıb. Gürcüstan sonunu gətirmək, əvvəlki həyata qayıtmaq istəyirsə, müəyyən addımlar ata bilər. Buna da gedəcəyi real deyil. Təsəvvür edin ki, Gürcüstanın bu gün atdığı addımları Azərbaycan eyni ilə bu dövlətə qarşı atır, gürcü hakimiyyətinə qarşı olan insanlara burada fəaliyyət göstərməyə imkan yaradır, onların xaricdən maliyyə almalarına da şərait yaradır. O zaman Gürcüstanın buna münasibəti necə olacaq? İndiki vaxtda Gürcüstan qeyri-səmimi davranır və bunun üçün Azərbaycanı ittiham etməyə heç bir haqqı yoxdur”.

Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli.

Elçin Mirzəbəyli digər ölkələrdə azərbaycanlı mühacirlərlə bağlı da bu cür addımların atılıb-atılmayacağından söz açıb:

“Azərbaycan hökumətinin bu istiqamətdə əlavə addımlar atacağını bilə bilmərəm. Bu barədə məlumatlı da deyiləm. Məsələyə siyasi mühacir kontekstindən yanaşılması da düzgün deyil. Ölkənin milli maraqları naminə fəaliyyət göstərənlərlə bağlı təbii ki, dövlət bu maraqları qorumaq üçün üzərinə düşən addımları atacaq. Təbii ki, həmin şəxslər Azərbaycan vətəndaşları olacaqları təqdirdə bu addımlar atılacaq. Amma başqa istiqamətdə indiyə qədər daim xarici ölkə vətəndaşlığını alanların ölkəmizə qarşı hansı fəaliyyət göstərdiklərini görmüşük. Hökumət də onların əməllərini ifşa edən sübutlar ortaya qoyub. Ölkə daxilində baş verə biləcək siyasi proseslərlə bağlı son hadisələrin baş verdiyi barədə fikirlərə gəlincə, belə fikirlər tamamilə absurddur. Çünki bu insanların heç biri nəinki yüz nəfərə, heç özlərinə liderlik etmək keyfiyyətinə malik deyillər. Bu informasiyalar məlum dairələr tərəfindən ortaya atılır. Proseslərin fərqli istiqamətə gedəcəyi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışırlar. Əslində bunlar Rusiya başda olmaqla, ayrı-ayrı dövlətlərin apardıqları təbliğatın tərkib hissələrindən biridir. Təbii ki, ölkədə müəyyən problemlər var və hakimiyyət də bunları aradan qaldırmaq üçün addımlarını atır. İqtidar bundan yaxşısını da edə bilər və etməlidir də. Yanlış informasiyaları həqiqət kimi sırımaq hər bir dövlətin milli maraqlarına ziddir. Bu məsələlərin hər birində xarici dairələrin məqsədyönlü fəaliyyəti var”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçmədə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə suçlanıb və istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.

Azərbaycan tərəfinin yaydığı açıqlamada deyilir ki, o, sərhədi qanunsuz keçərkən saxlanıb, üzərindən 10 min avro pul tapılıb və götürülüb. Bu ittihamlarla o 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Ancaq Əfqan Muxtarlı məhkəmədə bildirib ki, Tbilisidə tanımadığı bir qrup tərəfindən saxlanaraq Bakıya gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Jurnalist iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Əfqan Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyəti əleyhinə aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi, həmçinin, Qarabağ müharibəsinin iştirakçısı olub.

 

Meydan Tv

%d bloqqer bunu bəyənir: