Türkmənistan Asiya Oyunlarına hazırlaşır

Türkmənistan sentyabrda Qapalı Məkanda Asiya Oyunlarına gəlməyi planlaşdıran əcnəbilərə xatırladıb ki, ölkədə onları daim yerli bələdçilər müşayiət etməlidir və özlərinə indidən bələdçi tutmalıdırlar.

Türkmən rəsmiləri Döyüş Növləri və Qapalı Məkanlarda keçirilən Asiya Oyunlarına (AIMAG) on minlərlə xarici ziyarətçinin gələcəyini gözləyirlər. Adətən qapalı olan bu ölkə sentyabrda qapılarını xarici vətəndaşların üzünə açacaq.

BÜTÜN XƏRCLƏRİ TURİSTLƏR ÖDƏYİR

Ancaq Aşqabad xəbərdarlıq edir ki, xarici vətəndaşlar özlərinə yerli bələdçilər tutmalı və onlardan çox uzaqda qalmamalıdırlar.

“Türkmənistanda səyahət edərkən turistləri daim tur bələdçiləri müşayiət etməlidirlər”, – deyə AIMAG-ın rəsmi internet səhifəsində qeyd edilir. Əlavə olunur ki, “Bütün xərclər turist tərəfindən ödənilir”.

Bu qapalı Orta Asiya ölkəsinə gələn əcnəbi turistlərə özlərinə bələdçi tutmaq tələbi yeni deyil. Bu praktika həmişə olub. Ancaq görünür, ilk dəfədir ki, Türkmənistanın rəsmi saytı bu tələbi açıq bəyan edir.

Türkmənistan. Aşqabad. Turistlər

Türkmənistan. Aşqabad. Turistlər

Türkmənistanı ziyarət etmək istəyənlər onsuz da çox mürəkkəb viza prosesindən keçməli olurlar. Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir və çox zaman Şimali Koreya ilə müqayisə edilir.

150 MİNƏDƏK TAMAŞAÇI GÖZLƏNİR

Türkmənistanın turizm naziri bildirib ki, ölkə “bütün dünyadan 150 minədək tamaşaçının gələcəyini gözləyir”.

AIMAG təşkilatçıları oyunlarda iştirak üçün ölkəyə 62 ölkədən təqribən 5 min 500 idmançının gələcəyini gözləyirlər. İdmançıları müşayiət edənlərin, o cümlədən hakimlər və rəsmi nümayəndə heyətlərinin 1200 nəfər olacağı bildirilir.

İdmançılar, hakimlər və rəsmi şəxslərin də Aşqabadı gəzərkən özlərinə yerli bələdçi tutmalı olub-olmaması, hələlik, aydın deyil.

Türkmən tur bələdçiləri bir növ rəsmi nəzarətçi kimi fəaliyyət göstərir. Onların vəzifəsi turistlərin yalnız hökumətin icazə verdiyi yerlərə getməsinə, yoxsul ərazilərdən və baxımsız küçələrdən uzaq durmasına nəzarət etməkdir.

“TURİSTLƏRİ HƏR YERDƏ İZLƏYİRLƏR”

Aşqabadda yaşayan tur bələdçisi və tərcüməçi bu yaxınlarda AzadlıqRadiosu-nun türkmən xidmətinə bildirib ki, hökumət tez-tez bələdçilərdən müştərilərinin hərəkətləri və getdikləri yerlər haqda bilgi tələb edir.

“Biz, tur bələdçiləri ziyarətçiləri bütün gün ərzində müşayiət etməli və gündə azı üç dəfə xüsusi xidmətləri turistlərin fəaliyyəti haqda bilgiləndirməliyik”, – adının çəkilməsini istəməyən bələdçi deyib.

Türkmənistan, Aşqabad

Türkmənistan, Aşqabad

Xarici ziyarətçilərə diqqətlə nəzarət edən təkcə tur bələdçiləri deyil. Həmin bələdçinin sözlərinə görə, “Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ayrıca maşınlarda turistləri hər yerdə izləyirlər, dükanlarda onların yanında gedirlər”.

Həmin şəxs deyib ki, Türkmənistanda tur bələdçilərinə “miskin” maaş verilir və onlar ziyarətçilərin verdikləri pullardan çox asılıdırlar.

AIMAG-ın rəsmi saytı bu xidmətlərdən istifadə qiymətlərini açıqlamır.

YOXSULLUQ SƏVİYYƏSİ 10 FAİZDİR

Dünya Bankının məlumatına görə, 2015-ci ildə ölkədə adambaşına ÜDM 7400 dollar civarında olub. BMT ölkədə işsizlik səviyyəsinin 10 faiz olduğunu bildirir. Ancaq bəzi dəyərləndirmələrdə bundan çox yuxarı nisbət göstərilir.

Türkmənistan müxalifətinin saytında bu yaxınlarda iddia olunurdu ki, dövlət oyunların xərcini ödəməkdən ötrü apreldən sentyabradək neft və qaz sektorunda çalışan işçilərin məvaciblərinin 15-20 faizini kəsəcək.

Türkmənistan son zamanlar beynəlxalq idman yarışlarına nəhəng vəsait xərcləyib. Bu məbləğ Olimpiya Oyunlarına xərclənən vəsaitlə müqayisə olunur. Buna gərəkən infrastrukturun qurulması üçün çox sayda ev uçurulub.

 

Azadlıq Radiosu

%d bloqqer bunu bəyənir: