Gürcü polisi Əfqan Muxtarlının vəkillərinə nə təqdim edib?

Həbsdəki jurnalist Əfqan Muxtarlının gürcü vəkilləri, onun Tbilisidə oğurlanması ilə bağlı şikayəti araşdıran müstəntiqlərlə görüşüblər. Lakin polis vəkillərə hər hansı bir dəyərli məlumat təqdim etməyib.

Bu haqda Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva bu gün məlumat yayıb.

Müstəntiqlər 200-ə yaxın insanı dindirdiyini bildiriblər. Lakin dindirilənlər hadisədən heç bir xəbəri olmayan şəxslərdir. Polisin özə çıxardığı 30 videoda isə Əfqan Muxtarlının oğurlanmasına aid demək olar ki, hər hansı bir görüntü yoxdur.  

“Gürcü polisinin apardığı “təhqiqat” Əfqanın oğurlanmasının araşdırılmasına yox, ört-basdır edilməsinə yönəlib. Azərbaycan tərəfinin də bu hadisəni araşdıracağına heç bir ümid yoxdur. Onlar bunun ancaq imitasiyasını apara bilər”, – Leyla Mustafayeva bildirib.

Leyla Mustafayevanın fikrincə, Gürcüstan hökuməti ABŞ dövlət Departamentinin, Avropa İttifaqının və beynəlxalq təşkilatların bəyanatlarına məhəl qoymur.

“Siz jurnalistin oğurlanmasına rəvac verən bir hökumətlə eyni dəyərləri bölüşməkdə davam edirsizmi?”, – deyə Leyla Mustafa Avropa İttifaqına üzv olan ölkələrə sual ünvanlayıb. 

Qeyd edək ki, iyunun 15-də Avropa Parlamentində Əfqan Muxtarlının işi və Azərbaycanda medianın durumu barədə dinləmələr olacaq. Dinləmələrin yekunu olaraq, Avropa Parlamentinin xüsusi qətnaməsinin qəbul olunacağı gözlənilir. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: