Yadigar Sadıqovdan deputata cavab: “Məqsəd Rəsulzadənin şəxsində Müsavatın rolunu kiçiltməkdir”

Əsas məqsəd Rəsulzadənin şəxsində Müsavat Partiyasının rolunu kiçiltməkdən ibarətdir.

Bu sözləri tarıxçi, Müsavat Divanının üzvü Yadigar Sadıqov AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun  “Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdə və fəaliyyətində hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil”, fikrinə münasibət bildirmək üçün “Basta” əməkdaşının suallarını cavablayanda deyib.

Yadigar Sadıqov bildirib ki, “Orta əsrlər tarixi, əsasən də Ağqoyunlu dövlətinin tarixi üzrə mütəxəssis olan Yaqub Mahmudov ara-sıra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı açıqlamaları ilə də gündəmə gəlir. Təəssüf ki, hər dəfə də Cümhuriyyəti və onun xadimlərini təbliğ etmək üçün deyil, onların fəaliyyətinə kölgə salmaq məqsədilə. Bu dəfə də istisna deyil “

Tarixçi düşünür ki,  “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını bir-birinə qarşı qoymaq, onları fərqləndirmək lazım deyil” deyərkən, əslində Y. Mahmudov fərqli məqsəd güdür.

“Tarixçi-deputat “onları bir-birinə qarşı qoymaq deyil” arqumentindən istifadə edir, lakin sonra onları qarşı qarşıya qoyur, müqayisə edir. “Fərqləndirməmək” arqumenti isə ümumiyyətlə əsassızdır. Hər bir tarixi hadisə zamanı daha çox və nisbətən az xidmətləri olan xadimlər olur. Diqqət yetirsəniz, Yaqub Mahmudovun sadaladığı digər 2 xadim – Əlimərdan bəy TopçubaşovFətəli xan Xoyski – bitərəflərdir. Bu da mövcud iqtidarın çoxdan istifadə etdiyi taktikadır. Əsas məqsəd Rəsulzadənin şəxsində Müsavat Partiyasının rolunu kiçiltməkdən ibarətdir. Sözsüz ki, həm Topçubaşov, həm Xoyski Cümhuriyyət tarixində böyük rol oynamış şəxslərdir. Lakin istər Cümhuriyyətin elanının, istərsə də onun bugün fəxr etdiyimiz şəkildə mövcudluğunun, qürur duyduğumuz addımlarının arxasında Müsavat Partiyasının və onun lideri Məhəmməd Əmin Rəsulzadənin müstəsna rolu danılmazdır.” – Yadigar Sadıqov əlavə edib.

yaqub-mahmudovXatırladaq ki, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov bunu Azərbaycanın KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” təşkil edilən təbliğat kurslarında deyib. Y. Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularını bir-birinə qarşı qoymaq, onları fərqləndirmək lazım deyil: “Əlimərdan bəy Topçubaşov Fransada müstəqilliyimizi tanıtmaq üçün böyük işlər görüb. Cümhuriyyət xadimləri bir-birindən dəyərli insanlardır. Bu adamların hamısı vətən yolunda şəhid oldular. Düşmənlərimiz seçib o adamları məhv etdilər ki, onlar ermənilərə göz açmağa imkan vermirdi. Məhəmməd Əmin Rəsulzadənin də müstəqilliyimizin qorunması istiqamətində çox böyük rolu olub. Bunu danmaq olmaz. Məhəmməd Əmin Rəsulzadənin imkanı vardı ki, hökumət başçısı olsun, ancaq o görürdü ki, hüquq təhsili almış Fətəli Xan Xoyski bu hökumətə daha yaxşı rəhbərlik edə bilər. Ona görə də onun hökumət başçısı olmasını istəmişdi”. 

 

Könül Alı

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: