Erkin Qədirli: “Biz, ReAl olaraq, Müsavat ideyasından doğulmuşuq”

Erkin Qədirli

28 May – Respublika Günü – həm də Müsavat deməkdir.

Belə gündə Müsavat’ı anmaq, Müsavat’a təşəkkür etmək, Müsavat ideyasına vurğun olduğumuzu demək gərəkdir.

“Əski Müsavat” – “Çağdaş Müsavat” ayrı-seçkiliyini yapmaq istəmirəm.

Ürəyimdə belə bölgü yoxdur. İnsanıq, qüsurluyuq, aramızda hər cür söhbət, umu-küsü ola bilir.

Amma!

Bunların heç birisinə görə Müsavat’ı qurban vermək olmaz!

Müsavat – ideyadır! Çox böyük bir ideyadır!

İdeyaya üzv olmaq olurmu?

Yox!

Müsavatı düşünmək gərəkdir.

İş elə gətirib ki, bunun özü də sistem problemidir, “Müsavat” sözü bəzilərində ancaq bugün siyasi səhnəmizdə olan partiyanın adıyla eyniləşdirilir.

Təəssüf ki, onların da bir çoxunda bu eyniləşdirmə mənfi anlam daşıyır. Belələrilə çox mübahisələrimiz olub.

Bununla belə, bugünədək nə ad, hansı hörmət qazanmışamsa, hamısını ortaya qoyub deyirəm – biz, ReAl olaraq, Müsavat ideyasından doğulmuşuq, Müsavat’ın yoluyla gedirik, ürəyimizdə Müsavat var.

Heç təəccüblü deyil ki, ReAl İdarə Heyətinin yarısı vaxtılə Müsavat partiyasının üzvü olanlardır.

Diqqət edin, “keçmiş Müsavatçı” yazmadım, “vaxtılə Müsavat partiyasının üzvü olanlardır” yazdım.

Partiyalar gələr-gedərdir. Önəmli olan ideyadır. İdeyaların faktuallığı bəzən qəribə ola bilir. Ölkəmizin gerçəkliyi belədir.

Nə edirsən et, haraya gedirsən get, nəyə inanırsan inan – cümhuriyyətçisənsə, deməli ürəyində Müsavat var!

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: