İsa Qəmbər və Arif Hacılı Baş Prokurorluğa çağırıldı – Əfqan Muxtarlı işi böyüyür

Bu gün  Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.

Müsavatın mətbuat departamentindən “Basta”ya verilən məlumata görə, prokurorluq İsa Qəmbəri, Arif Hacılını və Gülağa Aslanlını həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.

Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.

Məlumatı şərh edən vəkil Nemət Kərimli Əfqan Muxtarlının işi ilə bağlı müxalifət liderlərinin istintaqa çağırılmasını absurd adlandırıb.

“Bu absurddur. Əfqan Muxtarlıya qarşı irəli sürülən ittihamlarla Arif Hacılını, İsa Qəmbəri necə əlaqələndirəcəkləri mənim üçün çox qaranlıqdır. Ola bilər ki, Əfqan Muxtarlının işini daha da böyütmək və bundan siyasi opponentlərə qarşı istifadə etmək istəyirlər”, – Nemət Kərimli bildirib. 

Mustafa Hacıbəyli

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: