“Səyyarə xanım və Ferens List” –dən ipucları

Mehriban Vəzirin daha bir əsəri gəlir.

Bir qadın taleyinin bir kişinin həyatında tərənnüm edildiyi əsər…

Yazıçı əsərinin məqsədini belə izah edir,  “Ferens Listdən yazdım Səyyarə xanımın xatirinə…”

Müəllifin bu əsəri dünya şöhrətli bəstəkar Ferens List və onun bəy  qızı Səyyarəyə olan ülvi məhəbbətinin cərəyan edəcəyi əsərdir. 

Dünən yazıçı-publisist Mehriban Vəzir  ““Səyyarə xanım və Ferens List” əsəri öz yeni bədii mərhələsində”  tədbirində əsərin tarixçəsini, istinad etdiyi mənbələrini açıqladı.

Mehriban xanımın səlis və bəlağətli danışığı, şirin dilindən  Səyyarə xanımın saf sevgi hekayəsini heyranlıqla dinlədik. İlk baxışdan bir-birinə vurulan Səyyarə xanım və Ferens Listin nakam, amma böyük məhəbbəti əsərin sujet xəttini təşkil edir.

Əsəri barədə özət keçən müəllif  Ferens Listin Azərbaycana köçürülmüş almanlara konsert vermək üçün səfər etməsindən, bəy qızı Səyyarə xanıma sevgisindən bəhs etdi.

Müəllif bildirir ki, tarixi mənbələrə istinad edilən əsər almanların 200 il əvvəl Cənubi Qafqaza köçürüldüyü zaman Gəncəbasara səfər edən dünya şöhrətli musiqiçinin bəy qızına saf sevgisinin təsviridir, əsl məhəbbət dastanıdır.

Çar hökuməti Gəncəbasar mahalında,  Cavad xanın əlindən aldığı ərazilərdə almanlar üçün Helenendorf adlandırılan qəsəbə inşa etdirmişdi. Həmyerlilərinə konsert verməyə gələn Ferens List Şəmkirdən olan bəy qızına, Səyyarə xanıma aşiq olur. İlk baxışdan bir-birinə vurulan gənclərin məhəbbəti, “Ferens List – Səyyarə xanım eşqi” başlayır.  

Ferens List hələ 19 yaşı olanda xüsusi olaraq sevdiyi qız Şarlottanın şərəfinə düzəltdirdiyi(üzüyün içərisində “Usanmadan gözləyəcəyəm” yazılmışdı)xatirə üzüyünü Səyyarə xanıma bağışlayır(artıq Ferens Listin 29 yaşı var idi). Bu hədiyyə istedadlı musiqiçinin bəy qızına olan böyük sevgisinin təzahürü idi. Müəllifin nəql etdiyinə görə içərisinə “Usanmadan gözləyəcəyəm” sözləri yazılmış üzük uzun illər Səyyarə xanımın ailəsində qalır və ikinci dünya müharibəsində hərbi fonda bağışlanır.

Əsərdə sədaqətli qadın obrazı yaradan müəllif Səyyarənin atasının təkidlərinə baxmayaraq ailə qurmadığını, həyatının sonuna qədər sevdiyinin yolunu gözlədiyini bildirir.

Müəllifin yaratdığı həm saf eşqlə sevən, həm də öz etiraz hüququndan istifadə etməyi bacaran mübariz qadın obrazı Azərbaycan qadınının hələ on doqquzuncu əsrdə hüquqlarından istifadə edə bildiyinin göstəricisidir.

Düşünürəm ki, oxucunun kitabı əlinə alanda maraqlandıran ilk sual bu olacaq. Axı bu Ferens List kimdir? Səyyarənin böyük sevgisini qazanan bu macar əsilli musiqiçi kim idi?…

Mən Ferens Listin kimliyini araşdıranda Səyyarənin nakam məhəbbətinin təkçə şöhrətli bir bəstəkar, məhşur musiqiçi, pianoçu yox, şəxsiyyət kimi də, mükəmməl bir insan olduğunu anladım. Müəllifin dediyi kimi, sevməyi bacaran, böyük eşqlə sevə bilən bir kişi obrazı…

Ferensin atası istedadlı musiqiçi idi, bir neçə musiqi alətində çalırdı. Lakin, yoxsul olduğu üçün istedadını inkişaf etdirə bilməmişdi. Odur ki, oğlunun musiqi qabiliyyətini görən Adam List onun eyni tale yaşamasına imkan verməyəcəyinə and içir. Ferensə özü dərs deməyə başlayır, o da atasını məyus etmir. Gənc musiqiçi doqquz yaşında ilk dəfə baron fon Esterqazinin musiqi gecəsində tamaçaçılar qarşısında çıxış edir. Elə gözəl çıxış edir ki, Macarıstanın varlı adamları Ferensin taleyində öz izini qoymaq istəyir, onun təhsil alması üçün pul toplayırlar. Listlər ailəsi Vyanaya köçür. Burada Ferens dahi Bethovenin tələbəsi Karlo Çernidən dərs alır, musiqi nəzəriyyəsini isə Salyeridən öyrənir.

Ferens çox böyük uğurla konsert fəaliyyətini davam etdirir. Gənc musiqiçi barəsində yeni Mosart kimi danışırlar. Onun çalğısını eşidən Bethoven riqqətə gəlir və sanki gələcəyinə xeyir-dua verərək, Ferensin alnından öpür.

Lakin, həyat Listə zərbə hazırlayır. O, atası ilə birlikdə Parisə gəlir. O dövrdə ən yaxşı konservatoriya məhz bu şəhərdə idi. Ferens konservatoriyanın direktoru, italyan əsilli Kerubininin qəbulunda olur. Oğlanı dinləyən Kerubini başa düşür ki, vunderkind musiqiçi ilə rastlaşıb. Şübhəsiz ki, belə müsiqiçi yenicə parlayan fransız ulduzlarını kölgədə qoyacaq. Odur ki, formal bəhanə taparaq Listə rədd cavabı verir: guya konservatoriyaya əcnəbiləri qəbul etməyə ixtiyarı yoxdur. Bu haqsızlığı List ömrü boyu unutmur.

Bu yazdıqlarım və əldə olunması mümkün olan digər məlumatlar, Ferens Listin yaşadığı ölkələr, fəaliyyəti, səfərləri barədə istənilən qədər yazılıb, araşdırılıb.

Mehriban Vəzirin əsərində vaqe olan hadisələr isə hansısa yayğın mənbədə yoxdur.

Ferens Listin yaşadığı, səfər etdiyi ölkələr haqda xeyli yazılsa da, Cənubi Qafqaza səfəri barədə hər hansı məlumat verilmir.

Oxucununun diqqətini çəkə biləcək əsas məqamlardan biri elə budur. “Səyyarə xanım və Ferens List”  əsərində məhşur bəstəkarın Cənubi Qafqaza səfəri, Səyyarəni sevməsi, Azərbaycana gəlməsi, gedişi və yenidən dönüşü ərəfəsində cərəyan edən bir çox hadisələr cəmlənib.

Müəllifin ipucu verib, bəlkə də, tam olaraq açıqlamadığı məqamları oxumaq diləyiylə “Səyyarə xanım və Ferens List” əsərinin işıq uzu görməsini gözləyək.

Səbirsizliklə…

 

Könül Alı, Basainfo.com

IMG_3697IMG_3687

 

 

%d bloqqer bunu bəyənir: