Yoxa çıxdığı deyilən məhbusun yeri məlum oldu

Əhmədli qəsəbəsindəki 7 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkən məhbus Elxan Mustafayevin indi harada olduğu bilinmir.

Bu haqda “Basta”ya günün birinci yarısında vəkil Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, 6 gün öncə Elxan Mustafayevin anası Aida Mustafayeva onunla görüşə gedib. Lakin ona bildiriblər ki, məhbus burada yoxdur. Məhbusun anası oğlunun harada olduğunu öyrənmək üçün vəkilə müraciət edib. 

Aida Mustafayeva “Basta” əməkdaşının sualına cavab olaraq, bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə teleqramlar vurub.

“Oğlumun harda saxlandığını mənə demirlər. Srağagün (17 iyul) yenidən 7 saylı Cəzaçəkmə Müəssisəsində olmuşam, rəislə görüşmüşəm. Mənə konkret bir söz demirlər. Ona görə Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə teleqramlar vurmuşam. Cavab gözləyirəm”, – Aida Mustafayeva deyib.

Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Şöbənin əməkdaşlarında biri bildirdi ki, daxili qaydalara görə məhbusların cəza çəkdiyi yerin dəyişdirilməsi, yaxud müalicə müəssisəsinə köçürülməsi kimi hallar olduqda, bu məlumat məhbusların öz təhlükəsizliyi baxımından ictimailəşdirilmir. Yalnız məhbusun ailə üzvlərinə 5 gün müddətində məlumat verilir.

Konkret olaraq Elxan Mustafyevin harada olduğu barədə suala gəlincə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi “Basta”nın sorğusuna hələlik cavab verməyib.

“Basta”nın bu sorğuya cavab gözlədiyi müddətdə Elxan Mustafayevlə bağlı yeni xəbər ortaya çıxdı. Nemət Kərimli “Basta”ya məlumat verdi ki, günün ikinci yarısında Penitensiar Xidmət Aida Mustafayeva ilə əlaqə saxlayıb və ona məhbusun yeri barədə məlumat verilib. Sabah Aida Mustafayevanın məhbus oğlu ilə görüşəcəyi gözlənilir. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: