Məhkəmədə Çovdarovdan ilginc ifadə: Otağa girəndə şalvarına batırdı

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Prosesdə general Akif Çovdarov “8-ci kilometr” bazarı epizodu üzrə ifadə verib.

General bildirib ki, məsələ ilə bağlı onlara şikayət daxil olub: “Məsələnin araşdırılması ilə bağlı rəhbərlik mənə tapşırıq verdi. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Sonra Cəfəri çağırdıq. O mənə dedi ki, bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Heç nə demədim. O ifadə verən zaman Çingiz qonşu otaqda idi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb, gedib tualetdə təmizlədi. Sonra Çingiz hər şeyi onun üzünə dedi. Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin”.

Həbsdə olan general məsələ ilə bağlı rəhbərliyə məruz etdiyini qeyd edib: “Rəhbərlikdən dedilər,  bu işin altında böyük adamlar çıxır. Dedilər, işi saxla. Çingizə bu barədə məlumat verdim”.

Akif Çovdarovun sözlərinə görə, olayla bağlı rəhbərliyə məruzə edib: “Onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxla. Çingizə dedim ki,  məsələ budur. O da nə olur olsun, o bazarı Cəfərgildən alın dedi.  Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər, halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min manat verdik, Cəfərə də 300 min verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim ki, Cəfərin qardaşına və bacısına da ayda 400 manat versin”.

Çovdarov prosesdə onu da qeyd edib ki, Fərhad və Rafiq Əliyev qardaşları ilə Səfərov qardaşlarının əməllərini ifşa etdikləri üçün onlara ən azı təşəkkür və ya medal verilərdi: 
“Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik”.

Prokuror Akif Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsınız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsinizsə, siz edin”.

Məhkəmə iyunun 21-də davam edəcək.

%d bloqqer bunu bəyənir: