Şimali Koreyada həbs edilən və bu ay ABŞ-a qaytarılan tələbə vəfat edib

Ötən il Şimali Koreyada dövlətə qarşı cinayətə görə həbs edilən və ötən həftə ABŞ-a qaytarılan tələbə Otto Warmbier vəfat edib.

Ötən ilin mart ayında oteldən təbliğat işarəsi oğurlamaqda təqsirli bilinən 22 yaşlı tələbəyə Şimali Koreyada 15 illik katorqa cəzası verilmişdi.

O, ötən çərşənbə günü Şimali Koreya türməsindən humanitar zəmində azad edil. Bu zaman onun bir ildən artıqdır ki, koma vəziyyətində olduğu məlum olub.

Şimali Koreya bildirib ki, tələbədə botulizm xəstəliyi aşkarlanıb. Amma Otto Warmbier-in ailəsi tələbənin Şimali Koreyada həbs zamanı “pis və əziyyətli rəftara” məruz qaldığını deyir.

Bir qrup ABŞ həkimi də Şimali Koreyanın versiyasını “mübahisəli” hesab edir. Sinsinnatidən olan həkim briqadası bildirib ki, onlar “botulizm əlaməti” tapmayıblar.

Həkimlər yoxlamalara əsasən təsdiq ediblər ki, saxlanılma zamanı tələbənin fiziki zorakılığa məruz qalması barədə əlamət yoxdur.

Cənab Warmbier ağır beyin zədəsi alıb. Onun necə xəstələndiyi məlum deyil.

Virciniya Universitetinin iqtisadiyyat fakültəsinin tələbəsi olan Otto Warmbier Şimali Koreyaya turist kimi gedib.

Hadisələrin xronologiyası

  • 30 dekabr, 2015-ci il – Cənab Warmbier tur qrupu ilə Pekindən Pxenyana gedib.
  • 2 yanvar, 2016-cı il- O, ölkəni tərk etməyə çalışarkən Pxenyan Beynəlxalq Hava Limanında saxlanılıb. Həmin ayın sonunda Şimali Koreya Cənab Warmbier-in “düşmənçilik aktına görə” həbs etdiyini açıqlayıb.
  • 16 mart, 2016-cı il- Cənab Warmbier Pxenyanda məhkəmə zamanı təbliğat plakatını oğurladığını etiraf edib və 15 il katorqa cəzasına məhkum edilib. Hesab olunur ki, o bu prosesdən qısa müddət sonra koma vəziyyətinə düşüb.
  • 2017-ci il, iyun ayının əvvəli- ABŞ rəsmiləri və cənab Warmbier-in valideynlərinə onun vəziyyəti haqqında məlumat verilib.
  • 13 iyun, 2017-ci il – O, Şimali Koreyadan azad edilib və ABŞ-a tibbi təxliyə olunub. Həkimlər deyir ki, o, ağır kəllə-beyin travması ilə üzləşib.
  • 19 iyun, 2017-ci il – Cənab Warmbier vəfat edib.

Prezident Donald Trump tələbənin ölümü ilə bağlı bildirib: “Birləşmiş Ştatlar son qurbana kədərlənərək bir daha Şimali Koreya rejiminin qəddarlığını pisləyir”.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: