Ət bahalaşdı – Tarif Şurasının qərarı bazarda təlaş yaratdı

Dünənə qədər 9, yaxud 10 manata satılan ətin qiyməti 11 manata yüksəlib. Bu haqda “Basta”ya Zaqatala rayonundakı mənbə məlumat verib.

“Adətən yayda ət ucuzlaşır. İndi də mövsümlə əlaqədar bəzi dükanlarda ən çox satılan mal ətinin qiyməti 10 manatdan 9 manata düşmüşdü. Amma benzinin qiyməti artdıqdan sonra ətin qiyməti 11 manata qalxdı”, – mənbə bildirib.

Qeyd edək ki, iki gün öncə Tarif Şurası Aİ 92 markalı benzinin qiymətini 28 faiz bahalaşdırıb. Tarif Şurası bundan sonra açıqlama verərək, benzinin bahalaşmasının digər sahələrdə qiymətlərin artmasına səbəb olmayacağını bildirib. Lakin ekspertlər bildirir ki, bazar iqtisadiyatında istənilən mal və xidmətlərin qiymətləri ilk növbədə enerji daşıyıcılarının qiymətinə uyğunlaşır.

Ötən gün Qusar rayonunda da ətin qiymətinin 11 manata yüksəldiyi haqda məlumat yayılıb. Adətən rayonlarda ətin qiyməti paytaxtla müqayisədə 1 manat ucuz olur. Əgər rayonlarda ətin qiyməti 11 manatdırsa, Bakıda qiymətin 12 manata yüksəlməsi qaçılmaz olacaq.

Zaqatala İcra Hakimiyyətindən adının çəkilməsini istəməyən mənbə bildirib ki, ətin bahalaşmasının səbəbi Tarif Şurasının qərarından doğan təlaşdır. Məmur qeyd edib ki, “süni qiymət artırımı” ilə bağlı məsələ araşdırılır və məsələ müvafiq qurumların diqqətinə çatdıracaq.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: