Şəkidə bir qrup yerli sakinin pay torpaqları saxta sənədlərlə ələ keçirilib – FAKT

Şəki rayonu Bolludərə kəndinin sakinlərinə məxsus olan yüz hektarlarla torpaq sahəsi saxta sənədlərlə alə keçirilib. Bu haqda “Basta”ya kənd sakini Süleymanov Silon Süleyman oğlu şikayət edib. 

Şikayətdə bildirilir ki, kolxozların dağılması və torpaqların özəlləşdirilməsi dövründə Bolludərə kəndinin hər bir sakininə 3 hektardan torpaq paylanılıb. Kənd sakinlərinin bir qismi  onlara verilən Dövlət Aktı əsasında mülkiyyətində olan torpaq sahələrini 10 il müddətinə icarəyə veriblər. İcarə müqavilələri Dövlət Notariat Kontoru tərəfindən də təsdiqlənib.

Lakin bu torpaqlar sonradan hazırlanmış saxta alqı-satqı müqavilələri əsasında onların əlindən alınıb. 

Silon Süleymanov bildirir ki, təkcə onun ailəsinə məxsus 15 hektar torpaq sahəsi mənimsənilib. O, bununla bağlı Şəki Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə cavabdeh qismində Bakı sakini Dəmirçi (Əziz) Qafar Aydın oğlunu və Mingəçevir sakini Seyidov Maarif Mirtağı oğlunu prosesə cəlb edib. Məhkəmənin qərarı ilə keçirilən ekspertizada cavabdehlərin təqdim etdikləri alqı-satqı müqaviləsində Süleymanovların adından qoyulan imzaların saxta olduğu sübuta yetirilib.

Məhkəmə Cahid İmanovun sədrliyi ilə həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çəkişməyə səbəb olan torpaq sahələrinin Süleymanovlara aid edilməsi barədə qərar çıxarıb. Lakin 2016-cı ilin sentyabr ayında məhkəmənin qəbul etdiyi bu qərar bu günə qədər icra olunmayıb.

S.Süleymanov torpağın onun mülkiyyətində olmasını təsdiq edən Dövlət Aktının və Şəki Rayon Məhkəməsinin çıxardığı qərarın surətini “Basta”ya təqdim edib.

Məlumatda həmçinin bildirilir ki, Bolludərə kəndinin bir çox başqa sakinlərinin də pay torpaqları saxta sənədlər vasitəsilə onların əlindən alınıb.

Bu torpaqlardan indi kim istifadə edir? Məhkəmənin qərarı niyə icra olunmur?

Şikayətçi Süleymanov hələlik konkret ad çəkmir və bunu belə izah edir: “Məsələnin əhatə dairəsi daha genişdir və ölkə rəhbərliyinin müdaxiləsini tələb edir”.

Mövzuya diqqətdə saxlayacayıq.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: