Elmar Hüseynov 50 yaşında məzarı başında anıldı

İyulun 17-si «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün Elmarın 50 yaşı olur.

Bununla əlaqədar bir qrup siyasət adamı və jurnalistlər  Elmar Hüseynovu, ikinci Fəxri Xiyabanda, onun məzarı başında anıblar.

Ziyarətçilər arasında Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat başqanının müavinləri Elman Fəttah, Səxavət Soltanlı, Yadigar Sadıqov, Divan üzvü Razim Əmiraslanlı, media təmsilçilərindən Şahbaz Xuduoğlu, Mehman Əliyev, Xədicə İsmayıl, Zamin Hacı, Kamran Mahmudov, Rövşən Hacıbəyli və digərləri olublar.

 

Tanınmış tənqidçi jurnalist, «Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Qətlin üstündən 12 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

O, həmçinin «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: