Naxçıvanda DİN-ə indi kim rəhbərlik edir? “Kiçik torpaq”dan barıt qoxuyan xəbərlər

Artıq bir aya yaxındır ki, hakimiyyətyönlü medianın bir hissəsində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun tutduğu vəzifədən azad edilməsi haqda məlumatlar yayılır. Bu barədə ilk xəbərlər hələ ötən ayın 23-da dərc edilsə də, rəsmi strukturlar məlumatı nə təsdiq, nə də təkzib edirlər.

Yayılan son məlumatda isə bildirilir ki, Heydər Əliyevin prezidentliyi dövründə Naxçıvanda nazir vəzifəsinə təyin edilmiş Əhməd Əhmədov nəinki vəzifədən çıxarılıb, hətta ev dustaqlığına götürülüb.

“Qafqazinfo” və Virtualaz.orq saytları xəbər verir ki, Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Azpolitika.az-ın yaydığı məlumata görə, Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə qərar, naməlum səbəblərdən rəsmən açıqlanmayıb. Bəzi məlumatlara görə nazir təqaüdə göndərilib.

Xalqxeber.az və gününsesi.info saytlarında dərc olunan xəbərlərə görə, generalın işdən çıxarılmasına səbəb Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla arasında yaranan problemlərdir. Məlumatda qeyd olunur ki, artıq Vasif Talıbovun əmri ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı İlkin Novruzov da tutduğu vəzifədən azad edilib. Əhməd Əhmədovun səlahiyyətləri isə onun müavininə verilib.

Teref.info-nun yaydığı məlumatda isə bildirilir ki, Əhməd Əhmədovun və qohumlarının bütün obyektləri, o cümlədən “Tema” ticarət mərkəzi yoxlanılır: “Bu fakt Əhməd Əhmədovun haqqında yaxın günlərdə cinayət işi açıla biləcəyi ehtimalını yaradır”.

“1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olan Əhməd Əhmədov 16 iyun 2000-ci il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri vəzifəsini icra edir. Bundan əvvəl isə o, Naxçıvan şəhər polis idarəsində rəis müavini işləyirdi. Əhmədovun o zaman böyük sıçrayışla polis idarəsinin rəis müavinliyindən nazir postuna adlaması bir çox dedi-qodulara yol açmışdı. Nazirin 17 illik fəaliyyəti haqqında bir çox şaiyələr bu gün də dolaşır. Ondan ən çox narazılıq edənlər isə Muxtar Respublikanın iş adamlarıdır. Bildirildiyinə görə, iş adamlarına divan tutalmasında Əhməd Əhmədov həqiqətən də müstəsna rol oynamışdır. Muxtar Respublikanın bir başqa vəzifəli şəxsinin də artıq “kitabının bağlandığı” barədə məlumatlar var. Məlumatı dəqiqləşdirib bu şəxs barəsində də sizə məlumat verəcəyik”, – terefi.nfo yazır.

Televiziyalar, rəsmi qəzetlər, eləcə də AzərTAC və APA kimi media strukturları hələlik bu barədə hər hansı məlumat yaymayıblar.

Ehtimal edilir ki, Naxçıvanda daxili işlər nazirinin işdən çıxarılması barədə xəbərin rəsmən təsdiqlənməməsi Vasif Talıbovun bu qərarı ölkə rəhbərliyi ilə razılaşdırmaması ilə əlaqədardır. Qeyd edək ki, ölkə Konstitusiyasına görə Naxçıvan Muxtar Respublikasının rayonlarına icra başçıları prezidentin fərmanı ilə təyin edilir. Naxçıvanın Nazirlər Kabinetinə gəlincə, onun tərkibini qanunla Ali Məclis formalaşdırsa da, nazirlərin təyin olunması və işdən çıxarılması bir qayda olaraq mərkəzi hakimiyyətlə  razılaşdırılır. İstisna deyil ki, Prezident Administrasiyası, yaxud DİN Əhməd Əhmədovun işdən çıxarılması haqda qərarla barışmaq istəmir və qeyri-müəyyənlik buradan qaynaqlanır. 

Bu ehtimal doğrudursa, Naxçıvan Ali Məclisinin nəinki yerli daxili işlər nazirliyi ilə, hətta mərkəzi hakimiyyətlə də ziddiyətləri yaranıb. Bu isə təkcə münaqişə tərəfləri üçün deyil, bötüvlükdə dövlətimiz üçün ciddi təhlükə deməkdir.

Yeri gəlmişkən, “Yeni Müsavat” qəzeti hələ 2014-cü ildə Əhməd Əhmədovun Bakıya gizlin şəkildə Vasif Talıbov əleyhinə dosyelər göndərməsi haqda məqalə dərc edib. Yazıda bildirilir ki, Əhmədov Talıbovun qərarı ilə nazir təyin edilsə də, onun əsas himayədarı Bakıdakı naxçıvanlı nazir-oliqarxlardan biri olub. 

Onu da xatırladaq ki, bir müddət öncə hakimiyyət dairələri ilə sıx əlaqələri olan media orqanlarında Vasif Talıbovun Naxçıvanda Konstitusiyanı dəyişərək, özünü vitse-prezident təyin edəcəyi haqda xəbərlər yer almışdı. Həmin xəbərlərdə vitse-prezidenti təyin etmək səlahiyyətinin prezidentə məxsus olduğu barədə kəlmə kəsilmirdi. Yayıldıqdan bir neçə gün sonra həmin xəbərlər təkzib edildi.

Bu dəfə isə, görünür, məsələ daha dərindir. Qeyd edildiyi kimi, ötən ayın 23-dən başlayaraq Naxçıvanda daxili işlər naziri vəzifəsini kimin icra etdiyini ən azı ictimaiyyət bilmir.  Görünür, həm mərkəzi hakimiyyət, həm də Ali Məclisin sədri öz mövqelərində isar etsələr də, bu məlumatlara münasibət bildirib ziddiyətləri ictimailəşdirmək istəmirlər. 

Mustafa Hacıbəyli

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: