İlham Əliyev öz vədinə niyə əməl etmədi?

 Cəmi 1 ay əvvəl – iyulun 12-də ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında demişdi ki, öz ailə üzvlərinin davranışlarına nəzarət edə bilməyən məmurlar cəzalanacaq.

Əslində, qanunla ata övlada görə cavabdeh deyil. Amma bizdə fərqli qanunlar işləyir.

Ölkə başçısı İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovu oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döyməsi səbəbindən vəzifədən azad edib.

“Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq, elə də oldu”, – İlham Əliyev belə demişdi.

“Həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var… Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir”, – bunu da ilham Əliyev demişdi.

Bəs Novruzəli Orucovu vəzifədən çıxaran ölkə başçısı nə üçün baş nazirin müavini Əli Həsənova güzəşt etdi?

Novruzəli Orucovun oğlunun xuliqanlığı kimsənin ölümünə yaxud ağır xəsarət almasına səbəb olmamışdı. Amma baş nazirin müavini Əli Həsənovun nəvəsinin Heydər Əliyev prospektində saatda 230-250 kilometr sürətlə avtoxuliqanlıq etməsi iki nəfərin ölməsinə, daha iki nəfərin ömürlük şikəst qalmasına səbəb oldu. Əksəriyyət bu fikri bölüşür ki, dəliqanlı gənci addımbaşı kameraların və radarların olduğu prospektdə belə avtoxuliqanlığa cəsarətləndirən amil, onun sosial vəziyyəti, yəni babasının vəzifəsidir. Onun əvvəldır belə qəzalar törətdiyi, amma məsuliyyətdən kənarda qaldığı haqda məlumatlar var.

Bəs İlham Əliyev niyə Əli Həsənova münasibətdə öz vədinə əməl etmədi?

Müşahidəçilərin fikrincə, burada başqa qaydalar işə düşüb.  Qənaət belədir ki, Novruzəli Orucov onsuz da işdən çıxarılmalı idi. O, əslən ucarlıdır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra, onun yerlilərinin və yaxınlarının hakimiyyət strukturlarından kənarlaşdırılması prosesi gedir. Novruzəli Orucovun oğlunun növbəti xuliqanlığı sadəcə bir bəhanə oldu.

Əli Həsənov isə hələlik hakim ailənin “sevimliləri” siyahısındadır. Ona görə Əli Həsənovun cəzalanması gözlənilmir. Belə görünür ki, mövcud hakimiyyət üçün, “Kim kimin adamıdır” qaydası, artıq tam başqa – hər bir qanundan və dilə gətirilən qeyri-rəsmi qaydalardan daha ali qaydadır.

Mustafa Hacıbəyli

Bastainfo.com

 

 

 

%d bloqqer bunu bəyənir: