GAP-ın rəhbərliyində total dəyişiklik: Rəsul Quliyevin partiyası prezident seçkilərinə hazırlaşır

 

Avqustun 9-da Gələcək Azərbaycan Partiyasının (GAP) İdarə Heyyətinin növbəti toplantısı keçirilib. Toplantıda partiya sədri, sabiq spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlunun yeni təyinatlarla bağlı sərəncamları elan edilib.

GAP-ın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, sərəncamlara əsasən partiya rəhbərliyinin yenidən formalaşdırılması, idarə heyətinin tərkibinin dəyişməsi ilə bağlı qərarlar elan edilib.

Məlumatda deyilir:

“Verilmiş qərarlar arasında istefa verdiyini elan etmiş partiya mərkəzi icra aparatının keçmiş sədri Murad Bayramoğlunun müraciətinə baxılıb və istefası qəbul edilməyib.

İmzalanmış yeni sərəncamlar əsasında partiya sədri yanında GAP Təhlükəsizlik Şurası yaradılıb. Partiyanın nizamnaməsinə müəyyən əlavələrin edilməsi məqsədilə sentyabrın 13-də partiyanın Ali Məclisinin növbəti toplantısının çağrılması, Ali Məclisin qərarı ilə ötən sesiyada istefaya göndərilmiş İlham Qasımovun yerinə yeni Ali Məclis sədrin seçilməsi qərarlaşdırılıb. Toplantıda GAP sədri Ağasif Şakiroğlunun imzaladığı sərəncamlar elan edilib. Sərəncamlara əsasən aşağıdakı təyinatlar olub:

Cavid Abbasov – partiya sədrinin təşkilatı məsələlər üzrə müavini; İradə Həsənova  – partiyanın baş katibi; Elnur Qasımov – partiya sədrinin təhlükəsizlik və nizam intizam məsələləri üzrə müavini; Sabir İbrahimov – partiya sədrinin siyasi məhbuslarla iş üzrə müavini; Adəm İbrahim – partiya sədrinin səlahiyyətli nümayəndəsi; Rəşad Məhərrəmov – partiya mərkəzi icra aparatının sədri; Rəşid Nazim – təhlükəsizlik və nizam-intizam məsələləri üzrə sədr müavininin köməkçisi vəzifələrinə təyinat alıblar.

Məlumatda qeyd edilir ki, bir müddət öncə GAP sədrinin sərəncamı ilə partiya rəhbərliyinə aid olan əksər şəxslər tutduqları vəzifələrdən azad edilmişdi. Mətbuat xidmətindən onu da vurğulayıblar ki, imzalanmış sərəncamlarda bir-neçə vəzifəyə yeni təyinatlar olmayıb. Bunlar partiya sədrinin 1-ci müavini, partiya sədrinin gənclərlə iş üzrə müavini, partiya sədrinin iqtisadi məsələlər üzrə müavini, partiya sədrinin gənclərlə iş üzrə müşaviri vəzifələridir. Partiyadan bildirilib ki, məlum qərarlar GAP-ın 2018-ci ildə prezident seçkilərinə gedən yolda daha güclü, daha prinsipial, daha qətiyyətli və daha mobil olması üçün verilib. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: