Bakıda direktor jurnalisti təhqir etdi: Başın bədəninə ağırlıq edir – SƏS YAZISI

Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.

“Basta” xəbər verir ki, Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.

Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda “bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün sayt Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb. Özünü direktor müavini kimi təqdim edən şəxs sayt əməkdaşını təhqir və təhdid edib. Onun sözlərini olduğu kimi qeyd edirik (səs qeydi təqdim edilir):

“Get, işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get, öyrən, gör, sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa, yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib, başına oyun açaram. Çox ayıb olsun. Sənin “Axar.az”ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun… Tərbiyəsiz!”

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, nazirlik 3-cü şəxslərin müraciətlərinə baxmır. Bunun üçün şikayətçilər birbaşa Təhsil Nazirliyinə müraciət etməlidirlər.

Bakı şəhər Təhsil İdarəsi isə sözügedən məktəb direktoru ilə bağlı onlara hər hansı müraciət daxil olmadığını bildirdi.

Bəs görəsən, şagirdlərə, vətəndaşlara daim nümunə olması gözlənilən təhsil əməkdaşının, direktor müavininin jurnalisti təhqir etməsinə qanun nə deyir?

Məsələ ilə bağlı Axar.az-a danışan tanınmış hüquqşünas Səməd Vəkilov bildirib ki, hər bir jurnalistin informasiya əldə etmək hüququ var: “Direktor müavini jurnalisti təhqir edibsə, həmin müxbirin onu şikayət etmək hüququ var. Jurnalist təhqirə, şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzuna toxunulmasına görə Təhsil Nazirliyinə müraciət edə bilər ki, həmin şəxs cəzalandırılsın. Heç kim jurnalistə deyə bilməz ki, sən niyə bu məsələni araşdırırsan?!

Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsinə görə, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.

Qeyd edək ki, məktəb direktorunun müavini və ya direktorun təhqirləri ilə bağlı Təhsil Nazirliyinə müraciət edilib.

Bastainfo.com