Florian İrminger: Azərbaycan Avropa icmasının üzvü olmaq istəyirsə qaydalara riayət etməlidir

Bu həftə Avropa Şurasının Baş katibi Turbyern Yaqland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rağmən siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı presedenti görünməyə hüquqi hərəkət edilməsinə çağırıb. Yaqland 2013-cü ildə nümayişlərin təşkili və onlarda iştirak ittihamları ilə məhkum edilmiş “Respublikaçı Alternativ” hərəkatının lideri İlqar Məmmədovun işini nəzərdə tutur. Şərqi Avropa, Qafqaz və Balkanlarda insan haqları fəallarını müdafiə edən Human Rights Houses fondunun nümayəndəsi Florian İrminger Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Avropa Şurasında Azərbaycanla bağlı atıla biləcək addımların mümkün nəticələrindən danışıb.

Amerikanın Səsi: Avropa Şurasının baş katibi Thorbyorn Yaqland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rağmən siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı presedenti olmayan hüquqi hərəkət edilməsinə çağırıb. Azərbaycana qarşı hansı addımın atılmalı olduğunu və yaxud atıla biləcəyini gözləyirsiniz?

Florian İrminger: Mən təsəvvür edirəm ki, baş katib Yaqlandın prezident Əliyevin Avropa Şurasının prezidentliyini təhvil almaq üçün Strasburqa gəlib Parlament Assambleyasına, Avropa Şurası təsisatlarına Avropa Məhkəməsinin İlqar Məmmədovla yekun qərarı çıxaranda onun azad ediləcəyi barədə söz verdiyi yadındadır. Mənim prezident Əliyevin “biz həmişə Avropa Məhkəməsinin qərarlarına riayət edirik” dediyi yadımdadır. “Təbii ki biz beləyik, biz qaydalara uyğun oynayırıq” kimi. Bu, 2014-ci ildə olmuşdu. İndi illər keçəndən sonra biz reallıqda nə olduğunu görürük. Baş katibin da nəzərdə tutduğu yəqin ki budur. Bizim artıq bir müddətdir istədiyimiz odur ki, Azərbaycanla qaydaları pozan bir oyunçu kimi davranılmalıdır. Kart oyununda kimsə sizə hiylə gəlirsə, bir də onunla oynamırsınız. İndi də eyni ilə bu baş verir. Azərbaycan Avropa Şurasının qaydalara riayət etməyən üzvüdür. Öz qaydalarını tətbiq edir, sistemdən sui-istifadə edir. O zaman bu oyunçu sistemdən kənarlaşdırılmalıdır. Avropa Şurası bunu etmək üçün bu mexanizmdən istifadə etməlidir: Azərbaycanın hərəkətləri təhqiq edilməli, bunlar sənədləşdirilməlidir. İlqar Məmmədovun azad edilməməsi ilə yanaşı, Avropa Məhkəməsinin bir sıra başqa qərarları da yerinə yetirilməyib. Və ikinci də ondan ibarət ola bilər ki, ölkənin səsvermə hüquqları dayandırılsın. Oyunçu olaraq qalmaq artıq Azərbaycanın işidir. Onlar oyunçu olmaq istəyirlərsə, oyunun qaydalarına riayət etməlidir.

Amerikanın Səsi: Eyni zamanda Avropa Parlamenti də Qardian qəzeti və OCCRP tərəfindən Azərbaycanın hökumət haqda müsbət imic yaratmaq üçün nüfuzlu avropalılara ödənişlər məqsədilə 2-9 milyard dollarlıq gizli pul köçürmələri barədə iddiaların araşdırılmasına çağırıb. Bunun Azərbaycan hökuməti və Avropa üçün hansı nəticələri ola bilər?

Florian İrminger: Baxıb görəcəyik. Uzun illərdir Azərbaycan korrupsiya məsələləri ilə məşğul olan insan haqları müdafiəçiləri, ölkədə iqtisadiyyatının necə işlədiyini izləyən və təhqiq edən, məsələn Xədicə İsmayılova kimi jurnalistlərin başqalarından daha çox təhlükə altında olduğunu görürük. Və indi biz bunun nəyə görə belə olduğunu görürük. Onlar ona görə təhlükə altına qoyulurdu ki, Azərbaycan belə informasiyanın çıxmasından qorxurdu. Nəticələrə gəldikdə, nələr olmalıdır. Bu, Azərbaycanın başqa ölkələrlə münasibətlərinin gələcəyi üçün əsas məsələlərdən biridir. Bütün ölkələr öz parlamentləri ilə bağlı təhqiqat aparmalıdır. Onlar öz evlərində təmizlik aparmalıdır. Belçikada parlament üzvü var və o, Parlament Assambleyasında Azərbaycan üzrə həmməruzəçi idi, həm də Azərbaycanda seçkiləri monitorinq etmək üçün Azərbaycan tərəfindən maliyyələşdirilən “aparıcı” qeyri-hökumət təşkilatının rəhbəri idi. O, parlament üzvüdür. Kimsə belə bir parlament üzvünün Azərbaycanla bağlı müstəqil qiymətləndirmə verə biləcəyinə necə inana bilər. Bunu təmizləmək Belçikanın vəzifəsidir. Eynilə də Almaniya parlamentində. Bütün bu parlamentlər indi özləri təhqiqat aparıb, onların öz parlament üzvlərinin nə etdiyini araşdırmalıdır. Bu, Avropa ölkələrinin hər hansı başqa ölkə ilə diplomatik münasibətlərinin gələcəyinin əsasında duran bir məsələdir. Siz ölkələrin müxtəlif başqa ölkələrin parlament üzvlərini satın almağa başlamasını təsəvvür edə bilməzsiniz. Azərbaycan bunu edirdi və biz indi bunu bilirik. Bu, ilk nəticə olmalıdır. İkinci nəticədən danışanda mən yenə də oyun qaydalarına riayət edən oyunçunu qeyd etmək istəyirəm. Qaydalarını pozursunuzsa, oyun davam edə bilməz. Avropa ölkələri özlərinə belə bir sual verməlidir ki, onlardan yan keçən ölkə ilə ikitərəfli, iqtisadi münasibətlərin olmasını istəyirlərmi? Siz qaydalara əsasən oynayırsınız, o biri ölkə isə bunu etmir, onun üstünlüyü var.

Amerikanın Səsi: Bu həftə Azərbaycan rəsmiləri Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi həbsdən azad edib. Rəsmilər bunu humanitar jest kimi qiymətləndirib, lakin bəzi müşahidəçilər buna skeptik yanaşaraq sanksiyalar təhlükəsi və Qərbdən təzyiqləri qeyd edib. Sizin buna münasibətiniz nədir?

Florian İrminger: Biz bilirik ki, uzun illərdir belə bir siyasət var idi ki, insanlar tutulur, sonra azad edilir. İlk növbədə onu deməliyəm ki, düzdür, Mehman Əliyev həbsdən azad edilib, amma ittihamlar qalır. O sadəcə məhkəmədən qabaq həbsdən azad edilməyib. İttihamlar qalır, Turanla bağlı təhqiqat gedir və bu, sistemli dəyişikliyə işarə etmir. Azərbaycanda hər hansı bir şəxsin hər hansı bir vaxt həbs edilə bilməsi sistemi yerində qalır. Qanunun aliliyi perspektivindən bu, çox böyük bir problemdir. Biz onu da nəzərdə saxlamalıyıq ki, bu, təkcə Mehman Əliyev məsələsi deyil. İllər boyu həbs edilən, azad edilən, sonradan yenidən həbsə qaytarılan çox sayda insan var. Eyni zamanda, səfərlərinə qadağa qoyulmuş insanlar var. Mən Xədicə İsmayılovanı qeyd etmişdim. Amma hüquqşünas İntiqam Əliyevin səfərlərinə qadağa qoyulub. Bu, elə bir vəziyyətdir ki, Mehman Əliyevin işi ölkənin necə funksiya göstərdiyinin simvoludur. Hər hansı bir vaxt həbs oluna, hər hansı bir vaxt isə azad edilə bilər. Təhlükə qalır. Mehman Əliyevlə bağlı bir məsələ də qalır. Biz özümüzdən onu soruşmalıyıq ki, onun həbsindən əvvəl artıq kim qalmışdı? Vətəndaş cəmiyyətinin aparıcı üzvləri, aparıcı media nümayəndələri, jurnalistlərdən kim qalıb? Mehman Əliyevin həbsindən əvvəl həbs olunmaq üçün kim qalmışdı? Bu, olduqca problematik bir prosesdir. 2014-cü ildən insan haqları, ya da media sahəsində fəaliyyət göstərən bütün aparıcı nümayəndələri ya ölkəni tərk edib, ya İsveçrə səfirliyində olan Emin Hüseynov kimi gizlənməli olub, ya da həbsxanaya düşüb. Onların hamısı. Bu, çox problematik bir vəziyyətdir.

Amerikanın Səsi: BP və Azərbaycan ölkənin ən böyük neft yatağının 2050-ci ilə qədər işlənməsi üzrə müqavilə imzalayıb. Çox sayda insan haqları fəalı Azərbaycanda Qərbin neft şirkətlərinin rolu ilə bağlı suallar qaldırır. Azərbaycan rəsmiləri və Avropa banklarının çirkli pulların yuyulması halları ilə əlaqədar olmasına dair iddialar nəzərə alınsa, bu inkişafları necə dəyrləndirərdiniz?

Florian İrminger: Biznes və insan haqları ələ-ələ işləməlidir. Biznesin və insan haqlarının prinsipləri var. Problem ondadır ki, bizim Azərbaycanda maliyyə maraqlarımız insan haqları məsələsindən çox güclüdür. Biz onunla mübarizə edirik, onu deməyə çalışırıq ki, insan haqları sahəsində vəziyyət belə pis olan ölkə ilə biznes əlaqələri qurmayın. Bu ölkədə jurnalistlər qətlə yetirilir, insan haqları müdafiəçiləri həbs edilir, vətəndaş cəmiyyətinə yer yoxdur, elə qanunlar qurulub ki, müstəqil qurumların yaradılması artıq mümkün deyil. Nəyə görə biznes və insan haqları ələ-ələ işləməlidir? Çünki bizneslər insanlar təşkilatlar yarada bildikləri yerdə daha yaxşı inkişaf edir. Biznes insan haqlarının çiçəkləndiyi yerdə çiçəklənir. BP və başqa şirkətlərə vədlər verilmişdi, amma onlar başqa vəziyyətlə qarşılaşıb. Biz bunun nəticələrinin necə olacağını bilə bilmərik. Mənim fikrimə İsveçrənin yəqin ki hamının tanıdığı Nestle şirkəti gəlir. Şirkət korrupsiya ilə əlaqədar Azərbaycanda öz fəaliyyətini dayandırmışdı. Onlar rüşvət vermək istəmirdilər və öz fəaliyytlərini bağladılar. Korrupsiyanın belə yüksək səviyyədə olduğu ölkədə biznes qurmaq üçün heç bir məntiqi maraq ola bilməz. Çünki bu o deməkdir ki, onlar qanunun aliliyinə riayət etmək deyil, korrupsiya qaydaları ilə oynamalıdır. Burada yenə də əsas məsələ ondan ibarətdir ki, çiçəklənən biznes və vətəndaş cəmiyyəti yan-yana gedir.

Amerikanın Səsi: Son günlər 23 insan haqları təşkilatı ABŞ hökumətinə müraciət edərək, Azərbaycan rəsmilərinin Qlobal Maqnitski Aktı əsasında sanksiyaların tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsini təklif edib. Sizin İnsan Haqları Evi fondu kimi təşkilatların bu məsələdə rolu nədən ibarətdir?

Florian İrminger: Biz ona çalışırıq ki, Azərbaycanla ölkənin insan haqları sahəsində vəziyyətə uyğun davranılsın. Bizim təşkilat BMT, Avropa Şurası və Avropa ölkələrinin parlamentlərinə hesabatlar təqdim edir. Qlobal Maqnistki Aktı indi çox mühümdür. Çünki həbsdə saxlanma şəraitinin insanlarda sonra düzəlməyəcək sağlıq problemləri ilə nəticələnib. Mən Leyla Yunusu nəzərdə tuturam, ya da İntiqam Əliyevi. O, həbsdən çıxanda sağlıq durumu olduqca pis vəziyyətdə idi. Belə şeylər baş verəndə, o zaman bu ölkənin rəhbərliyi, həbsxanaların rəhbərlərinin Maqnitski Aktına salınmasına bəraət qazandırılır. Amma Maqnitski Aktından əlavə belə bir sual vermək lazımdır ki, Azərbaycan Rusiya ilə Maqnitski Aktına düşmək istəyirmi? Azərbaycan xaricdə belə bir şeyi istəyirmi? Reallıq budur ki, prezident Əliyev xaricdə hörmət qazanmaq istəyir, Avropaya yaxın olmaq istəyir, Avropanın siyasi və iqtisadi elitası ilə münsaibətlərdən bəhrələnmək, onlar arasında hörmətə layiq olmaq, Davosda dünya iqtisadi forumuna getmək istəyir. Amma indi nə baş verir? Vəziyyət dəyişir. Azərbaycanın Maqnitski Aktına salınması müzakirə edilir. Biz indi birdən-birə görürük ki, kimisə həbs etmək, ya da azad etmək əmri vermək üçün nəzarət imkanı verən bir sistemi yaradan elə prezident Əliyev özüdür. Amma bu, prezident Əliyevin xaricə səfər edərkən rəsmən görmək istədiyi Azərbaycan deyil. Ümid onadır ki, müxtəlif qurumlar tərəfindən daha artıq təzyiq göstərilməklə ölkədə daha artıq dəyişikliyə nail olmaq mümkün ola bilər. Biz bu dəyişiklikləri hələ görmürük. Amma Azərbaycana beynəlxalq təzyiqləri davam etdirəcəyik.

%d bloqqer bunu bəyənir: