Stefan Shennach: Heç bir jurnalist və ya bloqçu həbs edilməməlidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Shennach və Sezar Florin Preda Azərbaycana səfər çərçivəsində dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin üzvləri və jurnalistlərlə görüşlərini davam etdirirlər.

Həftənin əvvəlində həmməruzəçiləri prezident İlham Əliyev qəbul edib. Şənbə günü isə Stefan Shennach Twitter vasitəsilə həbsdə olan fəallarla görüşəcəyi barədə yazıb.

BBC müxbiri Xanım Cavadova ilə söhbət edən Stefan Shennach o cümlədən insan haqları ilə bağlı vəziyyət, Azərbaycan-AŞPA münasibətlərinin hazırkı durumu, rəsmilər və fəallarla görüşləri barədə danışıb.

BBC: Bu hesabatı hazırlayarkən siz və cənab Preda Azərbaycana bir neçə səfər etmisiniz. Azərbaycanın demokratik strukturlarını necə qiymətləndirərdiniz? Azərbaycanda demokratik qurumların və insan haqlarının vəziyyəti nə dərəcədə yaxşılaşır və ya pisləşir?

Stefan Shennach: Son iki il ərzində məncə biz Azərbaycana altı dəfə səfər etmişik və biz bu dövrdə Azərbaycanda demokratik qurumların fəaliyyəti barədə hesabatımızı təqdim etmişik.

Bu hesabatda biz, son illər ərzində aydın şəkildə hansı səylərin göstərildiyini və hansı problemlərin hələ də mövcud olduğunu göstəririk.

Məsələn bizim tövsiyələrimizdən biri, müstəqil ədliyyə sistemidir. Həm hakimlər, həm də ki məhkəmələrə gəldikdə, biz müsbət dəyişiklik müşahidə etmişik. Prokurorluğa gəldikdə isə, biz hələ də çox işin irəlidə olduğunu deyirik.

Həmçinin qaydalara gəldikdə də insanların sistemə etibarının artması üçün hələ görülməli iş çoxdur.

Biz müxtəlif qanunların dekriminalizasiyasını nəzərdə tutan harmonizasiya layihəsini müsbət qarşılayırıq. Eyni zamanda biz “siyasi məhbuslar” da daxil olmaqla həddindən artıq insanın həbsdə olduğuna görə narahatıq.

Biz bunu və təcridxanalardakı vəziyyəti araşdırırıq. Burada da insan haqları məsələsi var. Hətta məhbusun da hüquqları olmalıdır.

BBC: Bir müddət əvvəl Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın Avropa Şurasından çıxarılması dünyanın axırı olmazdı və bu vəziyyətdə Avropa Şurası Azərbaycandan daha çox itirmiş olardı. Siz Səməd Seyidovun sözləri ilə razısınız? Əgər Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymamağa davam edərsə, o, Avropa Şurasından xaric edilə bilərmi?

Stefan ShennachBu bizim hesabatımıza dəxli olmayan bir məsələdir və siz mənim siyasi mövqeyim barədə soruşursunuz – bu normaldır, bunu edə bilərsiniz. Məncə həm Avropa Şurası, həm də Azərbaycan üçün bir ailənin içində olmaq vacibdir.

Bəzən ailə daxilində çox açıq, səmimi danışmaq lazım gəlir və heç kəs burada emosional olmamalıdır.

Azərbaycan anlamalıdır ki, Avropa Şurasında demokratiya, insan haqları və qanunun aliliyi barədə müzakirələr hər bir cəmiyyət üçün vacibdir və Azərbaycan cəmiyyəti və onun inkişafı üçün də vacibdir.

Biz həmçinin anlayırıq ki, Sovet İttifaqından müstəqil ədliyyə sistemi və alternativlərin olduğu qanunlar sisteminə, azyaşlıların qanunla qorunmasını təşkil edən bir sistemə keçmək uzun və çətin prosesdir.

Mənim Azərbaycana tövsiyəm odur ki, heç zaman hissə qapılmasın, hər şeyi yüz ölçüb bir biçsin. Bir ailədə olmaq onun bir hissəsi olmamaqdan daha yaxşıdır.

BBC: Sonuncu səfərlərinizdə rəsmilərin dediklərində və ya əməllərində böyük bir dəyişiklik hiss etmisinizmi? Son səfərinizdən indiyədək ən çox nə dəyişib?

Stefan Shennachİki il əvvəl missiyamıza başlayarkən biz hələ hansı məhbuslarla görüşmək istədiyimizi müzakirə etməli olurduq, xahiş edirdik ki, bizə icazə verilsin.

İndi isə biz onlara hansı məhbuslarla görüşmək istədiyimizi deyirik və gedib onlarla görüşürük. Heç bir məhdudiyyət yoxdur – bu, bir yenilikdir.

İkincisi, biz artıq “siyasi məhbus” nədir söhbətini etmirik. Məsələn “siyasi məhbus” termini artıq qəbul edilir.

Üç il əvvəl belə deyildi. Son iki il ərzində bir neçə araşdırma aparmışıq.

Biz dini məsələləri və işgəncə və pis rəftarı sənədləşdirməyə məsul olan qurumun, ombudsmanın fəaliyyətini araşdırmışıq.

Müxtəlif polis sistemlərini araşdırmışıq – milli təhlükəsizlik və adi polis sistemlərini. Biz həmçinin müxtəlif nazirlikləri, onların fəaliyyəti və məsuliyyətlərini araşdırmışıq.

Baş prokurorluğu araşdırmışıq.

Biz Konstitusiya Məhkəməsini ziyarət edən ilk beynəlxalq missiyayıq və dəfələrlə Ali Məhkəmədə olmuşuq. Bu, bir yenilikdir və bizim təhqiqatımız üçün müxtəlif mövzulara dair qapıları açıb.

Gələcəkdə “Nardaran işini” də araşdıracağıq, təhsil sitemini də. Biz məruzəçilər, nəyinsə bizdən asılı olduğunu deyə bilmərik. Əvvəlki təcrübəmizlə müqayisədə artıq heç bir məhdudiyyət yoxdur.

Məncə Azərbaycan…Azərbaycan hakimiyyəti, Azərbaycanın prezidenti əməkdaşlığın vacib olduğunu anlayırlar.

İşimizi görmək üçün bizə də onların əməkdaşlığı lazımdır. Bizim gördüyümüz iş bu ölkə üçün, bu ölkənin xalqı üçündür.

Son iki il ərzində biz bir çox məhbusun azadlığını əldə etmişik və biz istəyirik ki, Azərbaycan bir daha çox sayda insanları həbs edərək bu səhvləri təkrarlamasın. Biz bunu müzakirə etdik.

Stefan Shennach

Dedik ki, həbs hər şeyin çarəsi ola bilməz, gərək alternativlər olsun, ədliyyə sistemini inkişaf etdirmək lazımdır və məncə onlar bizi dinlədilər.

Biz Qoqolun müfəttişi deyilik – biz ölkəyə bir nömrəli müəllim kimi gəlib göstəriş vermək istəmirik. Biz sadəcə tövsiyə verib nə baş verdiyini anlamağa çalışır və insan haqları uğrunda mübarizə aparırıq.

Bütün hüquqşünaslar və insan haqları fəalları anlayırlar ki, biz onlarlayıq.

BBC: Siz Mehman Əliyevin azadlığa buraxılmasını alqışlamısınız və bu gün müxalif Azadlıq qəzetinin yayım direktoru Faiq Əmirli də azadlığa buraxılıb. Sizcə bu şəxslərin buraxılması sadəcə bir simvolik addımdır, yaxud “siyasi məhbus” olduqları iddia edilən şəxslərə yanaşmada səmimi dəyişikliyin əlaməti?

Stefan ShennachBiz Mehman Əliyevin azad edilməsinə çağırış etdik. Baş katib cənab Jagland bunu etdi, bizim media üzrə məruzəçimiz bunu etdi, ATƏT bunu etdi və Azərbaycan hakimiyyəti bilirdi ki, biz ölkəyə gəlirik və bu məsələni bir daha qaldıracağıq.

Ola bilsin ki, biz ölkəyə gəlməmişdən onun azad edilməsi simvolik idi. Bir də ki, məhbusların siyahısında bizim sabah görüşməyimizə ehtiyac qalmayan bir adı artıq görməyəcəksiniz – Əmirli.

BBC: Faiq?

Stefan ShennachBəli, biz bu siyahını iki gün əvvəl paylaşmışdıq və artıq onunla sabah görüşməyimizə ehtiyac yoxdur – onu bugün (15 sentyabr – red) buraxdılar.

Bəlkə bizim burada olmağımızın xeyri var. Bügün də, dünən də biz dərhal azad edilməli olan şəxslərin adlarını onların diqqətinə gətirmişik. Bizim çağırışımız budur – heç bir jurnalist və ya bloqçu həbs edilməməlidir.

Biz həmçinin onu vurğuladıq ki, Avropa Şurasına üzv olan hər bir ölkə AŞ-ın prinsiplərini və razılaşmalarını yerinə yetirməlidir.

Bunlardan biri də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməkdir – bu o deməkdir ki, İlqar Məmmədov dərhal azad edilməlidir.

Hazırda Azərbaycana qarşı korrupsiya və keçmiş AŞPA üzvləri daxil olmaqla avropalı siyasətçilərə rüşvət vermə iddialarına dair müstəqil istintaq öz araşdırmalarına davam edir. Bu istintaq sizə, Monitorinq Komitəsi olaraq necə təsir göstərəcək? Bu iddialar barədə rəsmilərlə söhbət etməyə imkanınız olubmu? Olubsa, onlar sizə nə deyiblər?

BBC: Sizcə Azərbaycan hökuməti Avropa Şurasının dəyərləri və prinsiplərinə səmimi surətdə sadiqdirmi?

Stefan ShennachAzərbaycan və Avropa Şurası arasında üzvlük və partnyorluq var.

Azərbaycan Nazirlər Komitəsində, AİHM-də fəaliyyət göstərir və AŞPA-nın üzvüdür. Lakin sizə əvvəl dediyim kimi, biz bir ailəyik və bəzən ailədə – ola bilsin ki, siz öz şəxsi həyatınızdan da bu təcrübəni qazanmısınız – dürüst və aydın danışmaq lazım gəlir.

Lakin siz bir ailədəsinizsə, bu o deməkdir ki, eyni dəyərləri paylaşırsınız.

O təqdirdə ailə üzvümüzə deyə bilərik ki, bizim dəyərlərimizə əməl etməmisən, xahiş edirik ki, dəyərlərimizə və standartlarımıza qayıt. Biz bunun üçün mübarizə aparırıq.

Biz demək istəmirik ki, hə, siz qara quzusunuz, biz isə ağ.

İndi vacib olan odur ki, məhkəmənin səhv etdiyini və ya onlara qarşı ədalətsizlik etdiyini düşünən hər kəsin Strasburqdakı AİHM-ə müraciət etmək imkanı var. Məncə bu çox çox vacibdir.

Lakin eyni zamanda, Azərbaycanın Avropa Şurası üzvlüyünə bağlı öhdəliklərini yerinə yetirməsi vacibdir.

Bu o deməkdir ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hökmlərini yerinə yetirməlidir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan öhdəliklərini yerinə yetirməyən yeganə ölkə deyil.

Amma mən düşünürəm ki, hazırda Azərbaycan üzrə məruzəçi olmaq Avropa Şurasında mövcud olan ən çətin və ən narahatedici vəzifədir.

Çünki mən müsbət bir şey yazanda məni dərhal sual altına qoymağa başlayırlar və tənqid edəndə mənim üzümə qapıları örtürlər.

Biz çalışırıq ki, həbs edilən və bunun səbəbini anlamayanların partnyoru olaq – məsələn heç bir şeyə görə həbsdə 10 il yatanların… Biz istəyirik ki, bunun kimi nümunələri masanın üstünə qoyaq və belələrinin azad edilməsinə nail olaq.

Bu gün mənə kimsə dedi ki, “yaxşı da, 14 nəfəri buraxıblar, amma onların onsuz da həbsdə bir ili qalmışdı”. Mən də dedim ki, “sən bilirsən həbsdə, bəlkə də bir kazarmada bu şəraitlərdə bir il qalmaq nə deməkdir?

Bu halda bir il tez buraxılmaq da sevinclə qarşılanmalıdır. Biz ona görə müzakirə aparırıq – istəyirik ki, bu ölkə bu cür nümunələri təkrar yaratmasın və ədliyyə sistemini sabitləşdirsin.

Məncə məruzəçi olaraq bizim vəzifəmiz işgəncə və pis rəftar və qanunun siyasi motivlərə görə istifadə edilməsinə qarşı mübarizə aparmaqdır.

Hazırda Avropa Şurasında müzakirə edilən bu məsələyə toxunaraq sizə bir iki kəlmə əlavə də demək istəyirəm.

Bu müzakirə vacibdir, çünki Avropa Şurası insan hüquqları evidir, qanunun aliliyinin evidir, demokratiyanın evidir.

Mən həbsdə bir məhbusla oturub söhbət edərkən o məndən Avropa Şurasında nəyin baş verdiyini soruşanda mən ona bu evin təmiz olduğunu demək istəyirəm.

Lakin bu iki məsələni qarışdırmamaq vacibdir.

Bizim işimiz Azərbaycan xalqı və böyük ümidləri olanlar üçün lazımdır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: