Trampın Kabinet üzvü istefa verib

Prezident Donald Trampın Kabinet üzvü cümə günü vəzifəsindən istefa verib. Səhiyyə naziri Tomas Prays daha ucuz kommersiya uçuşları əvəzinə dövlət vəsaiti hesabına bahalı çarter reyslərindən istifadə etdiyi üçün öz istefa ərizəsini Trampa təqdim edib. Ağ Evin bəyanatında bildirilir ki, prezident Praysın istefa ərizəsini qəbul edib.

Amerikanın Səsinin xəbərinə görə, Praysın istefası gecə yarısından etibarən qüvvədə olacaq. Onun vəzifəsini səhiyyə naziri müavini Don Rayt icra edəcək.

İstefa elanından bir saat öncə müxbirlərlə görüşən Tramp, Praysın “yaxşı insan” olduduğunu, lakin hadisə ilə bağlı narazılığını bildirmişdi.

Tramp əlavə edib ki, Kabinet üzvləri bu cür uçuşlardan yalnız özləri ödəyə bildikləri halda istifadə edə bilərlər. Məsələn, milyoner olan təhsil naziri Betsi DeVos iş səfərlərinə öz təyyarəsi ilə uçur və səfərlə bağlı bütün əlavə xərcləri özü ödəyir.

Politico xəbər səhifəsini verdiyi məlumata əsasən Praysın Kabinet üzvü olduğu müddətdə istifadə etdiyi özəl uçuşların dəyəri bir milyon dollara yaxındır.

Cümə axşamı sabiq Konqres üzvü olan Prays məsələyə görə üzr istəyib və çarter uçuşlarındakı oturacağa görə məsrəfləri hökümətə geri ödəyəcəyinə söz verib.

Səhiyyə Nazirliyinin mətbuata verdiyi məlumata görə, Praysın geri ödəməyə planlaşdığı məbləğ 51,887 dollardır. Bu, özəl təyyarə ilə edilən 20-dən çox uçuşun hesablanan məsrəflərindən xeyli azdır.

Konqresin demokrat üzvləri bu hadisəni araşdırılması və növbəti dəfə baş verməməsi üçün tədbirlər görülməsi ilə bağlı çağırışları ediblər.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: