Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir

Oktyabrın 1-də İspaniyanın Kataloniya əyalətində müstəqilliklə bağlı referendum keçirilir.

Azadlıq Radiosu xəbər verir ki, İspaniya hakimiyyəti referendumun qanunsuz olduğunu bəyan edib və onun keçirilməsinə mane olur.

Referendumda iştirak etmək istəyənlər Barselona və əyalətin digər şəhərlərində gecədən uzun növbələrə durublar.

Bu barədə Reuters və digər informasiya agentlikləri xəbər verirlər.

İspaniya daxili işlər nazirliyinin məlumatına görə, polis referendum ərəfəsində seçki məntəqələrinin çoxunu bağlaya bilib.

Səhər saatlarından açılan qalan seçki məntəqələrinin bəzilərində polislə səsverməyə gələnlər arasında qarşıdurmalar olub.

Polis seçki məntəqələrinin girişini bağlayır, seçki bülletenlərini götürməyə çalışır.

Daxili işlər nazirliyinin məlumatına görə, İspaniyanın ali məhkəməsi bundan əvvəl ictimai binalardan seçki məntəqələri kimi istifadə olunmasını qadağan edib.

Əyalətin paytaxtı Barselonaya minlərlə əlavə polis və mülki qvardiyaçılar atılıb.

Buna baxmayaraq əyalət rəhbərliyi vətəndaşları səsverməyə çağırıb.

Barselona meri Ada Kolau Avropa Birliyini referendumun istənilən nəticəsindən aslı olmayaraq Kataloniyanın status məsələsində vasitəçi olmağa çağırıb.

Xatırlatma

İspaniyanın Konstitusiya məhkəməsi referendumla bağlı Kataloniya parlamentinin qərarını ləğv etdiyindən onun hüquqi qüvvəsi olmayacaq.

2014-cü ilin noyabrında da Kataloniyada belə bir referendum keçirilmişdi.

Amma İspaniyanın Konstitusiya məhkəməsi onda da səsverməni ləğv etməyə çağıran qərar qəbul etdiyindən, referendum hüquqi qüvvəsi olmadı.

Həmin vaxt 80 faiz regionun müstəqilliyinə səs vermişdi.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: