Müsavatın təşkilat sədri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi – Yenilənib

Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Bu haqda “Basta”ya məhkəmə prosesində iştirak edən Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat verib.

“Məhkəmə tamamilə əsassız, hesab edirəm ki, sifarişli qərar çıxardı. Amma məhqəmənin qərarı hökm qüvvəyə mindikdən sonra, yəni apelyasiya şikayətinə baxıldıqdan sonra icra ediləcək. Əgər Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayarsa, o halda Xasay Fərzulla məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndəriləcək”, – Yadigar Sadıqov bildirib.

Müsavat başqanın müavini onu da əlavə edib ki, əgər Cinayət Məcəlləsinə təklif edilən düzəlişlər Apelyasiya Məhkəməsinədək qəbul olunarsa, o halda Xasay Fərzullanın barəsində başqa qərar çıxarıla bilər.    

***

Bu gün, oktyabrın 3-də Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə “Report”a vəkil Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında X.Fərzullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra vəkil N.Kərimli müdafiə çıxışı edib, ittihamların əsassız olduğunu və qəbul etmədiklərini söyləyib. 

Hazırda məhkəmə iclasında fasilə elan olunub. Fasilədən sonra X.Fərzullaya hökm oxunması gözlənilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kənd ərazisində baş verib. X.Fərzulla öz avtomobilində hərəkətdə olan zaman Bədəlan kənd sakini, piyada Rauf Tağıyevin qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: