”Azərbaycan dünyada ən çox senzura tətbiq edilən ölkələrdən biridir”

ABŞ Konqresində Azərbaycanda mətbuata təzyiqlər müzakirə edilib

“Hökumət tərəfindən istər açıq, istərsə də gizli şəkildə artan təzyiqlər müstəqil jurnalistika, düzgün dialoq və azad informasiya axını üçün məkanı qapadır”.

“Turan” agentliyinin verdiyi xəbərə əsasən, bunu “Amerikanın səsi” radiosunun direktoru Amanda Bennett çərşənbə günü ABŞ Konqresində postsovet ölkələrində KİV və jurnalistlərin təqib olunması mövzusunda keçirilən dinləmələrdə deyib.

Dinləmələrdə konqresmenlər, KİV üzrə ekspertlər və hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər. O deyib ki, bu ilin avqustunda “Amerikanın səsi”nin Azərbaycandakı iki müxbiri Vergilər Nazirliyinə çağırılıb.

“Onları iki saat dindiriblər. Jurnalistlərdən biri deyib ki, iki müstəntiq ona hədə-qorxu gələrək “Amerikanın səsi” ilə bağlı əlaqələri, əməkhaqqı və bank hesabı haqda soruşublar. Onun qanuni nümayəndəsi görüşə buraxılmayıb. Odur ki, o, öz təhlükəsizliyi ilə bağlı narahatdır.

“Azadlıq” radiosunun rəhbəri Tomas Kent öz çıxışında deyib ki, 2014-cü ildə “Azadlıq” radiosu bürosunun zorla qapadılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıblar.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova Azərbaycanı “dünyada ən çox senzura tətbiq edilən ölkələrdən biri” adlandırıb. Ölkədə avtokrat hökumət jurnalistləri təqib etməkdə davam edir və bu praktikanı ölkə hüdudlarından kənarda da yayır.

Təkcə bu il Azərbaycanda altı jurnalist həbs edilib, bundan öncə də beş nəfər artıq həbsdədir.

“Meydan” TV və London Sülh və Müharibə İnstitutu ilə əməkdaşlıq edən ştatdankənar jurnalist Əfqan Muxtarlının oğurlanması daha çox həyəcan doğurur.

Ə.Muxtarlı Azərbaycan Müdafiə Nazirliyində korrupsiya haqqında materialın dərcinə görə hədələndiyi üçün 2014-cü ildə Azərbaycandan Gürcüstana qaçıb.

Mayın 29-da Ə.Muxtarlı Tbilisidə oğurlanaraq məcburən Bakıya gətirilib. O, sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

N.Oqnyanova ABŞ Helsinki Komissiyasını Azərbaycan, Rusiya və digər keçmiş sovet ölkələrində mətbuat azadlığının müdafiəsi məsələsində qətiyyətli addımlar atmağa çağırıb.

 

%d bloqqer bunu bəyənir: