Müsavat başqanı “Azərbaycanın pulyuyan maşını” ilə bağlı Baş prokurora müraciət etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı “Azərbaycanın pulyuyan maşını” adlananan araşdırma ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə ölkənin hakim elitasının Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq və pul yumaq məqsədilə 2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədlərinin və məlumatlarda göstərilən digər faktların araşdırılması, onlara hüquqi qiymət verilməsi istənilib.

Ərizəni təqdim edirik:

Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir  Qaralova

Müsavat  Partiyasının Başqanı Hacılı Arif Mustafa oğlu tərəfindən

Ə R İ Z Ə

  1. Faktlara dair;

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırmasında deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.

2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb.

Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə balıqqulağı şirkətlərdən keçirilib.

Təhqiqatın hesabatında iddia edilir ki, pulları almalı olan şəxslərin arasında hökumət postları tutan tanınmış azərbaycanlılar da var. Bunlardan biri də Azərbaycan baş nazirinin birinci müabvini, ölkənin ən qüdrətli siyasətçilərindən biri olan Yaqub Eyyubovdur.

Araşdırma nəticələrində habelə Azərbaycanda korrupsiya ilə mübarizə etməli olan Əli Nağıyevin də adı çəkilir. “Məlum olur ki, o və ailəsi də pulların yuyulması sistemindən istifadə ediblər” – deyilir araşdırmada.

Daha 130 milyon dolların böyük əczaçılıq şirkəti olan AvroMed-ə getdiyi bildirilir. Bu şirkətin həmtəsisçisi Azərbaycan parlamentində Avropa İttifaqı siyasətçiləri ilə əlaqələrə cavabdeh olan millət vəkili Cavanşir Feyziyevdir

(https://www.amerikaninsesi.org/a/azerbaycan-pulyuyan-mashin/4015784.html; https://www.occrp.org/documents/AnnualReport2017.pdf … https://www.occrp.org/documents/AnnualReport2017.pdf)

Xarici və ölkəmizin kütləvi informasiya vasitələrində yayılan və ictimaiyyətdə geniş müzakirə edilən  bu araşdırmalara hüquq mühafizə orqanları reaksiya verməmişlər

  1. Hüquqi müddəalara dair;

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən  hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;

Həmin Qanunun 10-cu maddəsinə əsasən Baş prokuror:

bilavasitə, habelə Azərbaycan Respublikasının Baş prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanununun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir.

  1. Tələblərə dair;

Yuxarıda göstərilən faktların araşdırılmasını, onlara hüquqi qiymət verilməsini və bu barədə geniş ictimaiyyət nümayəndələrinin məlumatlandırılmasını xahiş edirəm.

İmza: A.M. Hacılı

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: