AŞPA-nın payız sessiyası çərçivəsində Azərbaycana dair dinləmələr keçiriləcək

Oktyabrın 9-da Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində “Landromata son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır” mövzusunda müzakirələr keçiriləcək.

Dinləmələri Azərbaycan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Ann Brasserin dəstəyilə keçirəcək. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam edəcək.

Görüşdə Demokratiya Naminə Hərəkatın həmsədri, Azərbaycanın AŞ-da keçmiş səfiri Arif Məmmədov, RATİ-nin rəhbəri Emin Hüseynov, Demokratiyanın İnkişafı və İnsan Hüquqları Mərkəzinin prezidenti Yuri Cibladze, “Azadlıq faylları” Analitik Mərkəzinin direktoru Olqa Zaxarova çıxış edəcəklər, – Amerikanın səsi məlumat verir.

Dinləmələrin təşkilatçıları hesab edirlər ki, OCCRP beynəlxalq jurnalist şəbəkəsinin rəsmi Bakının siyasətinin dəstəklənməsi məqsədilə AŞPA-nın bəzi deputatlarının ələ alındığını üzə çıxaran “Azərbaycan landromatı” adlı hesabatı “Avropa demokratiya və düzgünlük standartlarını müdafiə etməli olan AŞPA-nı silkələməlidir”.

Çıxışçılar Azərbaycanda insan hüquqlarının pozulması halları barədə son informasiyanı və Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinin necə təmin olunması ilə bağlı öz mülahizələrini təqdim edəcəklər.

Qeyd edək ki, oktyabrın 11-də AŞPA sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” mövzusunda hesabat müzakirə olunacaq. Sənədi assambleyanın Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) hazırlayıblar.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: