Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin mətni açıqlandı

Sənəddə Qarabağ münaqişəsi ilə bağlı hissələr də var

Avropa Birliyi ilə Ermənistan arasında bağlanacaq sazişin mətni gözlənilmədən ictimaiyyətə açıqlanıb.

“Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqda” sazişin bu ilin noyabrında Brüsseldə – Şərq Tərəfdaşlığı Sammitində imzalanması gözlənir.

Saziş layihəsinin mətninin tərcüməsi Ermənistan xarici işlər nazirliyinin saytına da yerləşdirilib.

Bir ay qabaq AB-nin Ermənistan üzrə nümayəndəsi Pyotr Svitalski demişdi ki, sazişin mətni, imzalanan qədər, sirr kimi saxlanacaq.

Ermənistan XİN-indən Azadlıq Radiosunun erməni xidmətinə deyiblər ki, belə sazişlərin mətni adətən qabaqcadan dərc edilmir, amma hər iki tərəfin razılığı ilə mətn ictimaiyyətə açıqlanıb.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aşotyan deyib ki, mətnin açıqlanmasında qeyri-adi heç nə yoxdu. Bu onu göstərir ki, tərəflər sənəd üzərində işi tam başa çatdırıblar.

Ermənistanın AB ilə sazişi imzalamağa hazır olduğunu ölkə prezidenti Serj Sarkisyan bu yaxınlarda BMT-nin tribunasından da bildirib.

Aşotyanın sözlərinə görə, sazişin imzalanması qarşısında heç bir maneə yoxdur.

Sənədin layihəsi AB ilə Ermənistan arasında siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığı, Ermənistanın Birliyinin proqramlarında fəal iştirakını nəzərdə tutur.

Saziş layihəsində o da qeyd olunur ki, Metsamor atom elektrik stansiyasının bağlanması vacibdir, Qarabağ probleminin sülh yolu ilə həlli, danışıqların Minsk qrupu formatında davamı mühümdür.

Aşotyan deyib ki, sənəddə Minsk qrupu formatının əks edilməsi Ermənistanın maraqlarına uyğundur, çünki, onun iddiasına görə, Azərbaycan münaqişənin həllinə Minsk qrupundan kənar formatların cəlb edilməsinə çalışır. Aşotyan hesab edir ki, AB belə cəhdlərə qarşı olduğunu nümayiş etdirir.

Saziş layihəsinin mətni 2013-cü ildə imzalanması gözlənilən, amma baş tutmayan sənədlə demək olar ki, eynidir.

Həmin il Ermənistan qəfildən sazişi imzalamaqdan imtina etmiş, Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İttifaqına qoşulmuşdu.

Müşahidəçilər bunun Kremldən gələn ciddi təzyiqlərlə bağlı olduğunu vurğulamışdılar.

İndiki sənəd layihəsində iqtisadi məsələlərə aid müddəalar əvvəlkindən xeyli fərqlənir.

Şərq Tərəfdaşlığı proqramında iştirak edən Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq Ermənistana azad iqtisadi zonaya daxil olmaq haqqı verilmir.

Avropa Birliyi bu sənəddə Ermənistanı qiymətlərin sabitliyi, milli valyutanın stabilliyi, Mərkəzi Bankın müstəqilliyi və s. məsələlərdə dəstəkləməyi vəd edir. Ermənistan bazar iqtisadiyyatının inkişafı ilə bağlı öhdəliklər götürür.

Əgər imzalanarsa, sənədi həm Ermənistan parlamenti, həm də Avropa Birliyinin üzvü olan ölkələrin parlamentləri təsdiqləməlidir.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: