Əfqan Muxtarlının vəkilinə təcridxanada zor tətbiq etdilər

Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə zor tətbiq edilib. Bu haqda “Basta”ya vəkil özü məlumat verib.

“Əfqan Muxtarlı ilə görüşə getmişdim. Növbəti dəfə qanunsuzluqla üzləşdim. Görüş vaxtı təcridxananın əməkdaşları qanunsuz olaraq, pəncərədən açıq şəkildə bizi izləyirdilər. Mən Əfqan Muxtarlıdan onun təcridxanada qanunsuz məhdudiyyətlərlə üzləşməsi ilə bağlı rəsmi izahatını aldım, bəzi qeydlər apardım.  Görüş bitdikdən sonra buraxılış vərəqəsini götürmək üçün qeydiyyat otağına daxil oldum. Bu zaman Penitensiar Xidmətin yüksək rütbəli 4-5 əməkdaşı  orağa daxil olaraq kobud şəkildə məni yoxlamaq istədiklərini bildirdilər. Onlardan biri mayor Ədalət Qurbanov idi, digərlərini tanımıram, biri özünü Rəşid kimi təqdim etdi. Yoxlamaya etiraz etdim, onların buna hüququ olmadığını dedim və rəsmi qərar tələb etdim. Bundan sonra davranışları daha da kobudlaşdı”, – Nemət Kərimli bildirib.

Vəkil qeyd edib ki, Penitensiar Xidmətin zabitləri zorla onun çantasının əlindən alıblar.

“5-10 dəqiqə davam edən mübahisədən sonra mənə fiziki zor tətbiq etdilər. Çantanı əlimdən zorla aldılar. Axtarış aparıb Əfqan Muxtarlıdan aldığım izahatı və qeydlərimi qanunsuz olaraq götürdülər. Bununla kifayətlənməyib üzərimdə qanunsuz axtarış apardılar. Bundan sonra məni demək olar ki, zorla təcridxananın rəisi Rəşid Cəfərovun yanına apardılar”, – vəkil bildirib.

Nemət Kərimlinin sözlərinə görə, təcridxana rəisi ondan alınan sənədləri geri qaytarsa da, üzləşdiyi qanunsuzluqla bağlı prokurorluğa şikayət edəcək.

“Bundan əvvəl təcridxanada görüş vaxtı qanunsuz izləməyə məruz qaldığım üçün Penitensiar Xidmətə müraciət etmişdim. Amma bu şikayət nəinki təmin edilmədi, əksinə daha böyük qanunsuzluqla üzləşdim. Bununla Əlaqədar prokurorluğa şikayət edəcəm”, – Nemət Kərimli bildirib.

Penitensiar Xidmətin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: