İstiqlalçı millət vəkilləri Müstəqillik Gününü Müsavatda qeyd etdilər – Foto

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günüdür.  1991-ci ilin Oktyabrın 18 -də Azərbaycanın sovet imperiyasından ayrılmasını rəsmiləşdirən Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib.

Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında Müstəqillik Günü münasibətiylə tədbir keçirilib.

Toplantıda  istiqlalçı millət vəkilləri İsgəndər Həmidov, Hacıbaba Əzimov, İsa Qəmbər, Arif Hacılı, Mirmahmud Mirəlioğlu və Füzuli Axundov iştirak ediblər.

Çıxış edən istiqlalçı millət vəkilləri Müstəqillik Aktının qəbul olunmasında qarşılaşdıqları maneələrdən danışıblar.

Vəkillər Müstəqillik Aktının qəbul olunmasına müsbət rəy verən qadın millət vəkili Məryəm Həsənovanın fəaliyyətini xüsusi vurğulayıblar.

İstiqlalçı vəkillər mövcud hakimiyyətin Azərbaycanın müstəqilliyinin qazanılmasında ilk addım hesab olunan Müstəqillik Aktının qəbul olunmasında əməyi olanlara qısqanc münasibətinin mənasız olduğunu, onların ölkə tarixinə verdikləri töhfənin Azərbaycan var olduqca həmişə anılacağını öz çıxışlarında qeyd ediblər.

Xatırladaq ki, 1991-ci ilin yayında Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi.

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Könül Alı, Bastainfo.com

%d bloqqer bunu bəyənir: